1905-1011-ci illər İran Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının ictimai-siyasi və milli şüurunun inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədəki siyasi fəzanın açılmasına gətirib çıxardı. Zülmün və haqsızlığın aradan aparılması, ədalətin və müstəqilliyin bərpası devizi altında başlanmış xalq hərəkatı iştirakçılarının əsas tələbi qanunlara söykənən bir hökumətin yaradılması və bir vətəndaş olaraq onların həyat tərzini formalaşdıracaq hüquqların təmin olunmasıydı.
Çünki xalq mədəniyyət və təfəkkür tərzi baxımından əvvəlki illərə nisbətən, bir çox irəliləyişlərə nail olmuşdu. Gündən-günə genişlənən siyasi hadisələrin və ictimai çəkişmələrin nəticəsi ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda nəşriyyat bazarının yaranmasına yol açdı. Müxtəlif qəzetlər yayılmağa başladı. İnqilabi hərəkat ölkənin ədəbi mühitində əks olunduğuna görə tezliklə bir çox şair və yazıçılar da azadlıq aşiqlərinə qoşularaq qələmləri ilə mübarizəyə atıldılar. Nəticədə xalqın informasiya qıtlığı aradan qaldırıldı.
Xalqın əlinə yetişən bu qəzetlər kütləni gündən-günə yenilənən siyasi cərəyanlara doğru istiqamətləndirirdi. Bu nəşriyyatların yeni ədəbi-mədəni mühitin formalaşmasında günün tələbindən doğan əsərlərin yaradılmasında, həcv və tənqidin köməyilə xalqın əsrlərdən bəri davam edən qəflət yuxusundan oyadılmasında böyük rolu oldu.
İlk Milli Şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra azərbaycanlı millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Beləliklə, mətbuat tam azadlığa qovuşaraq istədiyi qəzeti senzurasız çap etmək hüququna malik oldu. Cəmiyyətin hüquqlarının qorunması, habelə, qələm sahiblərinin və mətbuatın basqılarını zərərsizləşdirilməsi məqsədilə, qanunlar çərçivəsində, kitab, qəzet, elan və müxtəlif layihələrin nəşri azad şəkildə gerçəkləşdi.
Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki, doğrudur, bu dövrdə ölkədə bir sıra mətbu orqanlar çıxdı. Lakin onların çoxu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və başqa bu kimi yazılarla dolu idi. Ölkədə aparılan işlər və baş verən proseslərin tənqidindən söhbət gedə bilməzdi. Sanki buradakı məmurlar bütün işlərdən uzaq idi.
Lakin haqqında söhbət gedən qanun qəbul olunduqdan sonra mətbuat bütün ölkədə azad şəkildə nəşr edilməyə başladı. Qələm sahibləri tam qüvvəylə xalqı informasiya ilə təmin etmək üçün səfərbər oldular. İstər siyasi, istər ictimai, istərsə də iqtisadi baxımdan bütün məsələlər qəzet səhifələrində şərh və analiz olunmağa başladı. Saray, hətta şəxsən Məhəmmədəli şah belə tənqid edildi. Ə. Kəsrəvinin qeyd etdiyinə görə, Sultanulüləma Xorasani “Ruhulqüds” qəzetində cəsarətli sözlər yazmışdı: “Bunların da başında Məhəmmədəli Mirzə dururdu. Təhsil nazirinin məhkəməyə müraciəti nəticəsində Sultanülüləma oraya dəvət edildi. Məhəmmədəli Mirzənin ünvanının “qəssab dükanı” adlandırılmasının səbəbi soruşulduqda Sultanülüləma münsiflər heyəti çağırılmasını tələb etdi. Bu bəhanə ilə cavab verməkdən boyun qaçırdı və iddia təmin olunmadı”.
Bu dövrdə Güney Azərbaycanda 50-yə yaxın qəzet və jurnal nəşr olunurdu. Tədqiqatçı Hüseyn Umud onlardan səkkizinin Azərbaycan-fars, birinin Azərbaycan, qalanlarının farsca çıxdığını qeyd edir.
Məşrutə inqilabı vaxtı mətbuat həqiqətən dövrün ictimai-siyasi və ədəbi həyatının güzgüsünə çevrilmişdi. Bu dövrə xas olan xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın ayrıca kitab və digər bədii nümunələrdə deyil, məhz mətbuat səhifələrində əks olunması idi. Məsələn, Əşrəfəddin Gilani tərəfindən Rəştdə nəşr olunan “Nəsimi-Şimal” qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Yusifxan Etisalinmülkün redaktorluğu ilə çıxan “Bahar” qəzetində Yusif xanın şeirləri və rus, fransız, ərəb ədəbiyyatından etdiyi tərcümələr əsas yer tuturdu. “Sure-İsrafil” qəzetində bu mətbu orqanının baş yazısı Əli Əkbər Dehxudanın daimi rubrikası olan “Çərənd-pərənd”də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranırdı.
İstanbul şəhərində o illərdə azərbaycanlı ziyalıların daha iki mətbu orqanı çap olunurdu. Bunlardan biri Seyid Həsən Təbrizi və Seyid Məhəmməd Tofiqin rəhbərliyi ilə 1909-1920-ci illərdə nəşr olunan “Şəms” qəzeti idi. İstanbulda nəşr olunan digər qəzetə Təbrizli Hacı Həsən xan Cəfərzadə redaktorluq edirdi. Azərbaycan və fars dillərində nəşr olunan bu qəzet demokratik yönlü olmaqla, öz səhifələrində siyasi-satirik materiallara geniş yer ayırırdı. İstanbulda təhsil alan azərbaycanlı tələbələr qəzetin nəşrində fəal iştirak edirdilər.
İnqilab illərində İranın digər şəhərlərində də azərbaycanlı inqilabçı publisistlər tərəfindən bir sıra qəzetlər çıxarılırdı. Tehranda M.Rəsulzadənin və Əbuziyalının redaktorluğu altında “İrane-nou”, S.H.İbrahimzadənin redaktorluğu ilə “Carçiye-millət”, Rüşdiyyənin rəhbərliyilə “Tehran”, Həsənxan Təbrizinin mühərrirliyilə “Əsr”, Mahmud Əfşarın redaktorluğu ilə “Cənteye-paborəhie”, Xorasanda Məhəmmədsadıq Təbrizi və S.H.Ərdəbilinin redaktorluğu altında “Xurşid” və “Xorasan” qəzetləri nəşr olunurdu. Cənubi Azərbaycanın tərəqqipərvər ziyalıları, o cümlədən S.Salmasi, Mirzə Qafar xan Zunuzi, Heydər Əmioğlu və başqaları Zaqafqaziya mətbuatında da, xüsusilə “İrşad” qəzetinin İrana aid səhifələrində, Tiflisdə çıxan sosial-demokrat qəzetlərində ölkədə ictimai-siyasi vəziyyətə və inqilabi mübarizəyə həsr edilən demokratik məzmunlu məqalələrlə çıxış edirdilər.
O illərdə təzə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı İran və Güney Azərbaycan mövzusuna geniş yer ayırırdı. “Molla Nəsrəddin”in elə bir sayı yox idi ki, orada bu mövzu M.Cəlilin, M.Ə.Sabirin və jurnalın Təbriz müxbirləri - M.S.Ordubadi, Mirzə Ələkbər Məmmədquluzadə (Cəlil Məmmədquluzadənin qardaşı - P.M.) İskəndər Qəffari Sərxpuşun qələmi ilə felyeton, şeir, xəbər və başqa formalarda işıqlandırılmasın. Bakıda nəşr edilən “İrşad”, “Həyat”, “Təzə həyat” kimi mətbu orqanları da İrandakı məşrutə inqilabına böyük mənəvi dəstək verirdi. Əgər XIX əsrin sonlarında Güney Azərbaycanda yalnız Türkiyənin nəşr nümunələri ilə tanış idilərsə, artıq XX əsrin əvvəllərində daha çox Bakı və Qafqazda Azərbaycan dilində çıxan mətbuat izlənilirdi. Uzun fasilədən sonra (1891-1904) çap olunan “İrşad” (bu qəzetin Sadıq xan Fərəhani tərəfindən İrandakı azərbaycanlılar üçün fars dilində xüsusi əlavəsi hazırlanırdı), xüsusilə “Molla Nəsrəddin” və digər mətbu orqanlarında İranla bağlı bilgilər əks olunurdu. Beləliklə, Güney Azərbaycandakı oxucular, İranın başqa rayonlarından fərqli olaraq, buradakı hadisələr haqqında Qafqaz və rus sosial-demokratiyasının təlim və baxışları, İran inqilabına yönəldilən fəaliyyəti və digər materiallarla bilavasitə tanış olurdular.
Ailəsini dolandırmaq, çörəkpulu qazanmaq üçün bütün Qafqaz boyu səpələnmiş güneyli azərbaycanlılar İrana geri qayıdarkən özləri ilə qafqazlı fəhlələrin istiqlal mücadiləsi ideyalarını da gətirirdilər.
M.Rəsulzadə yazırdı ki, “iranlıların Bakıda qurulan ilk inqilabi cəmiyyəti Tehran və Təbrizə mürşidlər, fədailər, bombalar və sair məvaddi-infilaqiyyə göndərirdi”. O, İranda inqilab və azadlıq hərəkatını “izhar edən qüvvət və alimlərin toplandığı mərkəzin Bakı və İstanbul olduğunu” qeyd edirdi: “Məşrutə dönəmində İstanbulda əsasən iranlı türklərdən ibarət “Səadət əncüməni” adlı komitə təşkil olunmuşdu. İstanbulda “Səadət əncüməni” tərəfindən həftəlik “Siruş” (1909-1910) adlı qəzet çıxarılırdı. Onun yaradıcı heyətinə Seyid Məhəmməd Tofiq, Əli Əkbər Dehxuda (”Sure-İsrafil” qəzetinin aparıcı müxbiri) Əhməd bəy Ağaoğlu (yaxşı tanıdığımız görkəmli publisist) və Yəhya Dövlətabadi daxil idilər.
Həmin ərəfədə Təbrizdəki hadisələrin təkcə seyrçisi deyil, həm də fəal iştirakçısı olan M.Ə.Rəsulzadə şəhəri müdafiə edən mücahidlərin və onların rəhbəri Səttar xanın qəhrəmanlığını “İran məktubları”nda xüsusi qeyd edirdi. Məşrutə hərəkatı sonda məğlubiyyətə uğrasa da, Rəsulzadə İranda XX əsrin əvvəllərində yeniləşmə prosesini Səttar xanın adı ilə bağlayır, onun İran tarixində bir dirçəliş rəmzinə çevrildiyini bildirirdi.
M.Rəsulzadəyə görə, bu Məşrutə dövrü güneyli azərbaycanlıların milli-mədəni hərəkatdan milli haqlar uğrunda siyasi mübarizəyə keçid mərhələsi olmuşdu.
O dövrdə İran tarixində ilk dəfə Avropa standartlarına uyğun, ölkədə ən çox oxunan və ən nüfuzlu qəzet sayılan “İrane-nou” gündəlik qəzeti nəşr olunurdu. Qəzetin redaktoru M.Ə.Rəsulzadə idi. Onun sözlərilə desək, “İrane-nou” demokratik firqənin fikirlərini yayırdı, yaradıcı heyəti də azəri türklərindən təşkil olunmuşdu. M.Rəsulzadə 1908-ci ildə Bakı Sosial-Demokrat Komitəsi adından Gilan inqilabına nəzarət üçün Rəşt şəhərinə gəlib həmin il mücahidlərlə birlikdə Tehrana gedərək Məşrutə hərəkatına qoşulmuşdu. Tehranda qısa bir vaxt ərzində Məşrutə liderlərinin diqqətini çəkmiş və Demokrat Partiyasının qurulması və proqramının yazılmasında iştirak etmişdi. M.Rəsulzadə Seyid Həsən Tağızadə başda olmaqla Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiayasının əsasını qoyur. İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətə başlayan “İrane-nou” Məşrutə inqilabının ikinci dövründə və məclisin ikinci dönəmində ən məşhur qəzet idi. Rəsulzadə buradakı fəaliyyəti ilə yeni qəzet üslubunu - Avropa tərzini İrana gətirdi. O, Azərbaycanın rus işğalından qurtulması və İranın Rusiyanın təsirindən uzaqlaşması ilə bağlı sərt yazılar yazırdı. Qəzetdə M.Ə.Rəsulzadə bəzən Niş təxəllüsü ilə çıxış edirdi.
Qəzet adətən ölkədə baş verən siyasi hadisələri işıqlandırır, çatışmazlıqları açıq göstərirdi. “İran-nou” tez-tez nüfuzlu şəxslərin və qəzetlərin həmləsinə məruz qalırdı. Səhifələrindən birində Krılovun “Heyvanların konserti” təmsilinə iqtibas çap edən qəzet Sipəhdarın qəzəbinə tuş gəlmişdi. 1911-ci ildə fəaliyyətini “İran-novin” adı altında davam edən qəzetdə siyasi məsələlər daha kəskin verilirdi. Bu mətbu orqan İranda olan əcnəbilərin pərdəarxası işlərinin üstünü açmağa nail olurdu. Sədr Haşiminin qeyd etdiyinə görə Tehranın Milli Məclis nümayəndələri öz nitqlərində qəzetdə dərc olunan yazılardan istifadə edirdilər.
Buradaca bir məqamı mütləq qeyd etməliyik ki, Təbrizdə Məşrutə qanunu elan edildikdən sonra çıxan ilk mətbu orqan “Ruznaməyi-milli” (”Milli qəzet”) oldu. Bir müddət sonra bu qəzet “Cəridəyi-milli” adı ilə çıxdı. Qəzet 38 sayından “Azərbaycan əyalət əncüməni”nin rəsmi orqanı kimi fəaliyyət göstərərək “Əncümən” adı ilə yayıldı. Qəzet 1906-cı ildə oktyabr ayının 19-da Təbrizdə Mirzə Əli Əkbər Vəkilinin redaktorluğu ilə nəşr olundu. İlk illərdə həftədə 2 dəfə, Mahmud Qənizadənin redaktoru olduğu illərdə isə həftədə 3 dəfə çap edildi.
Qəzetin adının altında bu sözlər yazılırdı: “Xalqın və tacirlərin istəyi üzərinə bu qəzet çox sadə bir dildə yazılır”. Titul səhifəsində XI-XIV əsrdə Azərbaycanın Atabəylər dövlətinə mənsub olan, sonralar isə Qacarların rəsmi embleminə çevrilən Şir və günəş (Şiro Xurşid) əks etdirilmişdi. Qəzetin nəşri 1911-ci ilədək davam etdi. “Əncümən” Məşrutə inqilabı dövründə işıq üzü görən ilk milli orqan idi. Bununla yanaşı, o dövrdə qəbul olunmuş İran və Cənubi Azərbaycan mətbu orqanlarına tətbiq edilən qaydalardan yan keçərək, yəni Mətbuat Nazirliyinin icazəsi olmadan nəşrə başlamışdı. Bu qəzet o dövrdə İranda azad mətbuat anlayışının ilk qaranquşu idi. Qəzet əsasən Əncümənin və Milli Məclisin müdafiə etdiyi müzakirə və qərarları, həmçinin konstitusiyanın həyata keçirilməsi ilə bağlı xalqın tələblərini ardıcıl şərh və çap edirdi. Həmçinin qəzetdə müxtəlif şəhərlərdən konstitusiyanın qaydalarını kobudcasına pozan ünsürlərin əməllərini ifşa edən etiraz məktublarına yer ayrılırdı.
Qəzet çarizmin və İngiltərənin İrana qarşı hərbi-siyasi müdaxilə planlarını aşkara çıxarmağı və xüsusilə 1907-ci il ingilis-rus sazişinin müstəmləkəçilik və işğalçılıq məqsədlərini açıb göstərməklə antiimperialist hərəkatın qüvvətlənməsinə böyük xidmət göstərirdi. Bu cəhətdən qəzetin siyasi şərhləri çox təsirli idi: “İngiltərə və Rusiya dövlətinin bu müahidəni bağlamaqdan əsl məqsədləri işğalçılıq, müstəmləkəçilik, özlərinin siyasi, eyni zamanda iqtisadi-ticarət mənafelərini təmin etməkdir”.
Məşrutədən sonra ortaya çıxan əyalət və vilayət əncümənləri arasında ən önəmli və güclü mövqeyə sahib olan “Təbriz milli əncüməni” orqanı olaraq yayınlanan, yalnız Təbriz və Azərbaycanda deyil, İranın hər tərəfində özəlliklə də Tehranda cərəyan edən Məşrutə xəbərlərini ehtiva etdiyindən çox önəmli bir yerə sahibdi. Məmmədrza Heyət qəzetdə Azərbaycan türkcəsinin durumu ilə bağlı yazırdı: “Qəzetin bəzi saylarında çıxan bir neçə şeir istisna olmaqla, tamamilə farsca nəşr edilirdi. Amma qəzetə verilən elan və xəbərləri nəzərə alsaq, bəzi hallarda türkcəyə də rast gəlinirdi”.
“Əncümən” qəzetinin 116-cı sayının sonluğu, 3-cü səhifənin isə yarısı türkcədir. Türkcə olan mətnlər əslində “Səadət” və “Nübar” məktəbləri müəllimlərinin nitqindən ibarətdir. Məktəb öyrənciləri ilə müəllimlərinin türkcə şeirlər oxuyub, çıxış etmələri Təbriz məktəblərində türkcənin təliminin hələ güclü olduğunun göstəricisi idi. Ancaq şeirlərdə və nitqlərdə diqqəti çəkən ən önəmli xüsusiyyət güneyli azərbaycanlılar üçün iranlılığın “üst kimlik kəlməsi” kimi hər məqamda vurğulanmasıdır.
Pərvanə MƏMMƏDLİ
--------------------------
qaynaq - 525ci.az
Hiç yorum yok:
Yorum Gönder