Daha bir 28 mayı - Azərbaycan tarixinin şərəf gününü adına layiq olmayan tərzdə yola saldıq. Gecikmiş də olsa, bayramınız mübarək.
Bu bayram ərəfəsində eşitdim ki, Istiqlaliyyət küçəsində Istiqlal abidəsinin açılışı olub. Inanmadım. O dərəcədə inanmadım ki, pəncərədən bayıra boylanıb günəşin hansı tərəfdən çıxdığını yoxladım. Gün yerindəydi. Ancaq yenə inanmadım. Əliyevlərin Azərbaycan tarixini saxtalaşdırmaq vərdişlərinə, Azərbaycan dövlətinin təməlini qoyan, bu gün ruhu qarşısında baş əydiyim böyük Məhəmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini və onlarla bərabər Azərbaycan dövlətinin bünövrəsini canı, qanı ilə hörmüş böyük insanların adlarını unutdurmaq cəhdlərinə az-çox bələdliyim var axı.
Xəbəri dezinformasiya saymağıma daha bir səbəb Isiqlaliyyət küçəsində abidə üçün “yer tapa bilməməyim” idi. Nə qədər çək-çevir elədimsə, abidənin Istiqlaliyyət küçəsinin harasında qoyulduğunu gözümün qabağına gətirə bilmədim. Axır, eləməyib tənbəllik getdim olay yerinə. Sabir bağından azca yuxarı qalxmışdım, ətrafına çələnglər qoyulmuş uzun bir daş gördüm. Sən demə, Istiqlal abidəsi bu uzun daş imış. Iki böyük binanın arasına zorla yerləşdirilən bu daşa yazığım gəldi. Iki daş arasında qalmış DAŞın çox miskin görkəmi vardı. Elə bil küncə sığışdırıldığından xəcalət çəkirdi.
Xəcalətli düşmənin olsun, daş. Necə ki, xəcalətlidi. Sənin üzərinə adı yazılmış kişilərdən tutmuş 20-30 il sonra doğulacaq körpələr qarşısında da xəcalətlidi. Görmədinmi, başına necə dolandığını? Çünki, nə qədər kiçik, sadə olsan da bu yurdun gerçək sahiblərinin ürəyində yerinin nə qədər böyük olduğuna əmindir. O, çox yaxşı bilir ki, bir gün atasının hər tinbaşı düzdürdüyü bütləri bu xalq uçurub-dağıdacaq. Ancaq sənə bu torpaqda kimsənin əli qalxmayacaq. Onların qorxudan, bizim sevgidən.
Bu arada qəzetçi dostlarımdan bir neçəsinin ölkədən getmək istədiyini də eşitdim. Üzüldüm. Ancaq qınamadım. Bu ölkədə, bu dəhşətli, yaramaz, iyrənc, bütün gücünü bu xalqı məhv etməyə yönəldən rejimlə sivil mübarizənin anlamı yoxdur, axı.
Məncə, onlar ölkədən getmək qərarları ilə rejimə deyil, bu rejimə dözənlərə jest edirlər, çətinə düşəndə sayı bir əlin barmaqları ilə sayılacaq qədər az olan azad mətbuatdan imdad diləyən insanların onlara olan haqsızlığı sadəcə seyr etmələrinə etiraz edirlər.
Çoxları Avropada hətta mühacir olaraq yaşamağı bu dünyada cənnəti görmək sayır. Təbii, demokratiyanın dərin quyuya salınıb ağzına da yekə bir dəyirman daşı basıldığı Azərbaycanla müqayisədə Avropa cənnətdir. Ancaq biz harda Azərbaycandakı qədər gərəkli, arzulanan ola bilərik? Hara getsək, hara üz tutsaq sovetlər dönəminin 28 qəpiklik unu kimi üçüncü növ olacağıq. Bunca mübarizədən, çarpışmadan sonra itdən hörmətsiz bir rejim qarşısında kürəyi yerə qoymağa dəyərmi?
Gedək ki, Ramiz Mehdiyev daha zəhmət çəkib çoxgedişli kombinasiyalar qurmasın, Kəmalləddin Heydərov kababxanalardan kitabxanalara kimi ölkədəki bütün obyektləri rahatca özünküləşdirsin, Ziya Məmmədov, Cahangir Əsgərov, Oqtay Əsədov, onların böyründəkilər, başındakılar bu millətin qanını daha rahat sorsunlar? Bəlkə getməyək, onların boğazında DAŞ olaq? Istiqlaliyyət küçəsindəki iki daş arasına sıxışdırımış Isitqlal abidəsi kimi...
-----------------------------------
("Azadlıq" qəzeti) 30 May 2007
Hiç yorum yok:
Yorum Gönder