2010-12-06

Türkləşmək, islamlaşmaq, avropalaşmaq

Tarix dönür, dəyişilir, müzakirələr isə bitmir. Türkləşmək, islamlaşmaq, müasirləşmək triadasının müəllifi kimdir, ideyanın təməl daşını kim qoymuşdur? — mübahisəsi kəsilmir, dəqiq ünvan tapılmır. Araşdırıcılarımızın bir qismi onun Cəmaləddin Əfqaniyə, bir qismi isə Yusuf Akçuraya məxsus olduğunu irəli sürür. Başqa birisi də Ziya Gökalpa aid olduğu qənaətinə gəlir. Mübahisələri diqqətlə nəzərdən keçirib dərhal belə bir nəticəyə gəlmək olur ki, bütün tərəflərin ümumi hədəfi Əli bəy Hüseynzadədir. Dartışma daha çox Əli bəyin ətrafında cərəyan edir. Əslində məsələ çoxdan çözülüb. Nəzəri prinsipin Cəmaləddin Əfqaniyə, Yusuf Akçuraya, yaxud Ziya Gökalpa aid oduğunu iddia edənlərə ən tutarlı cavabı 1924-cü ildə Ziya Gökalpın vəfatı ilə əlaqədar yazdığı "Ziya Gökalp haqqında xatirə və mülahizələr" məqaləsində türkçülüyün böyük qurucularının ilklərindən olan Yusuf Akçuranın özü verirdi: "Türkləşmək, islamlaşmaq, müasirləşmək... türkçülərin fəaliyyətində bir vəchə mahiyyətini haiz olan bu üçlü ümdənin əsl atası Hüseynzadə Əli bəydir. Məhz siyasət sahəsində, biri digərinə zidd kimi görünən türklük, islamlıq, osmanlılıq siyasətlərinin, bu üç tərzi siyasətin, qabili təlif olduğunu Əli bəy iddia etmiş və "füyuzat"ın 10 iyul ihtilalından əvvəl çıxmış nüsxələrindən birində "türklük, islamlıq və avropalılıq" qayələrinin məmzucən istehsalını tövsiyə eyləmişdi". 1928-ci ildə də Yusuf Akçura həmin fikrində israrlıydı: "Əli bəyin üçlü düsturu, yaxşı tapılmış xoşbəxt əsaslardandır. Bu əsas, türk aləminin hər tərəfinə yayılmış və xüsusən Məşrutiyyətdən sonra İstanbulda çox işlənmişdir. Məsələn, Gökalp Ziya bəy "türkləşmək, islamlaşmaq, müasirləşmək" məsələsi haqqında bir çox yazılar yazmışdır".



Nəzəriyyə iyirminci yüzilin əvvəllərinə aiddir və onu türk cəmiyyətinə, türk ictimai fikrinə aşılayanlar isə bütün hallarda Əli bəyin çevrəsində hərəkət edirlər.

 ***
"Yaradılış etibarı ilə filosof təbiətli, dərvişməşrəb" olan Əli bəy Hüseynzadə gerçəkdən də öz sakit, təvazökar halı ilə düşüncələrdə çevriliş yaratdı. Milyonlarla insana sirayət edə bildi. Yüz ildir ki, türk dünyasının mənəvi problemləri onun yandırdığı çırağın işığında çözülür.
"Türk hissiyyatı ilə mütəhəssis, islam diniylə mütədəyyin və Avropa mədəniyyəti-hazırasıyla mütəməddin" olmağa çağıran Əli bəy istisna olunarsa, ona qədər məsələni bu şəkildə düşünən və ifadə edən başqa biri yoxdur və elə buna görə də Əli bəy bu istiqamətdə birinci dahimizdir. Bütün türk dünyası miqyasında birinci dahi.
Türk-İslam-Qərb dəyərlərinin sintezindən hasilə gəlmiş bir cəmiyyəti hazırlamaq ideyası ona məxsusdur.
"Çirkablara daş atmalıdır, həm də doluncaya, yox edilincəyə, ortadan vücudları qaldırılıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır, qayalar yuvarlatmalıdır. Daş, qaya kafi deyildir. Oraları tibbin tövsiyə etdiyi zəhərli-zəhərli mikrob öldürücü məvaddi-əfniyyə ilə doldurmalı, üzərinə neft qazı tökməli, sonra da atəş yağdırmalı, ta ki, üfunətindən, üzviyyatı-sariyyəsindən bir əsər qalmasın! fədai lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli fədai!"
1907-ci il idi, XX yüz il türk dünyasının milli ideoloyi düsturunu "füyuzat" araçılığı ilə birinci olaraq Əli bəy Hüseynzadə beləcə bəyan edirdi.
Bilirəm, mübahisə doğura bilər. Amma Əli bəyə münasibətdə biganəliyi bir anlığa da olsa sadə bir məhəbbətə dönüşdürsək bunun belə olduğunun fərqinə dərhal vararıq...
***
1914-cü il dekabrın 11-də M. Ə. Rəsulzadə "İqbal" qəzetində dərc etdirdiyi "Diyanət, milliyyət və məişət nöqteyi-nəzərindən kənd məktəbləri" məqaləsində yazırdı: "Mədəni yaşayış üçün üç əsas lazımdır: milliyyət, beynəlmilliyyət və əsriyyət. Milliyyətin rüknü ana dili, beynəlmilliyyətin əsası - din və əsriyyətin binası - əsrə hakim olan ülum və fünun ilə məhəllinə görə onun vasitəsi olan dillərin öyrənməsidir.
Vaxtilə möhtərəm Əli bəy Hüseynzadə əfəndi "füyuzat"da "islam əqidəli, türk qanlı və Avropa qiyafəli insan olalım" - demişdi ki, qəsdi də bu idi".
M.Ə.Rəsulzadə "Azərbaycan Kültür Gələnəkləri və Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində də üç ümdənin — əsasın Əli bəyə aid olduğunu birmənalı şəkildə etiraf etmişdi: "Beynəlmiləl demokratiya prinsiplərinə dayanaraq qurulan bu cümhuriyyət - mavi, qırmızı, yaşıl - üçrəngli bayrağıyla Azərbaycan kültür gələnəklərinin bir xülasəsini rəmzləndirirdi. Mavi rəng türklüyün, yaşıl rəng islamlığın, qırmızı rəng də çağdaşlığın əlamətiydi. Vaxtilə "füyuzat" məcmuəsinin fazil mühəriri "Türk qanlı, islam imanlı və firəng fikirli olalım" demişdi; sonra türkçülüyün böyük filosofu Ziya Gökalp bu üç ümdəni daha elmi bir üslubla qullanmış və eyni şüar sonra "Açıq söz" qəzetinin başlığı altında bulunmuşdur".
"Qafqaz türkləri" əsərində də M.Ə. Rəsulzadə mövcud qənaətini təsbit edərək yazırdı: "Gərçi "füyuzat" məcmuəsi... türkçülük mövzusunu daha əvvəl tərvic eyləmiş, hətta mərhum Ziya bəyin sonralar "türk millətindənəm, islam ümmətindənəm və Qərb mədəniyyətindənəm" şüarı ilə ifadə etdyi mənanı, Hüseynzadə Əli bəy "türk qanlı, islam imanlı və firəng qiyafəli olalım" formulu ilə bəyan etmişdi.
Məhəmməd Əmin Rəsulzadənin ətrafında mübahisə yaradılan problem barədə belə ciddi və aydın qənaətlərini bir kənara qoyub türkləşmək, islamlaşmaq, müasirləşmək düsturunun Əli bəyə aid olması ilə bağlı onun "Şəhərdə bəzi işi-gücü qurtarmışlar söz buraxıblar ki, guya Ə. Hüseynzadə şeyxülislam olacaq... belə xəbərə də inanmaq olar? Əli bəy haman Əli bəy deyil ki, a... diyordu "Avropa qiyafətli olmalı" sözlərini misal gətirmək yalnız təəssüf doğurur. Çünki məhz bu sözlərində Əmin bəy milli düstur barədə deyil, tamam başqa mətləblər haqqında danışırdı. Amma yuxarıda da göründüyü kimi "Türkləşmək, islamlaşmaq, müasirləşmək" triadasının Əli bəyə məxsus olması barədə Rəsulzadə açıq və aydın bir mövqedəydi.
***
Qərbli türkoloqlar da "Türkləşmək, islamlaşmaq, avropalaşmaq" formulunun türk milli-ideoloji-fəlsəfi fikrinə aşılanmasının Əli bəy Hüseynzadə ilə başlaması qənaətində yekdildirlər... françois Georgieon Yusuf Akçuradan bəhs edən məşhur "Türk milliyyətçiliyinin kökənləri" kitabında yazırdı: "Əslində bu formulu kəşf edən Azərbaycan kökənli başqa bir Rusiya türkü olan Hüseynzadə Əli idi və bunu 1907-ci ildə, Bakıda yayımlanan "füyuzat" dərgisindəki bir məqaləsində ortaya atmışdı".
Yakob M. Landau da "Pantürkizm" əsərində eyni fikri davam etdirirdi: "Qafqazlı... Əli Hüseynzadə 1907-ci ildə "füyuzat" dərgisində türk milliyyətçiliyinin amacını türkçülük, islamçılıq, avropraçılıq olarak bəlikliyordu. Onun yaklaşımı kəndi xalqı arasında milliyətçiliyin nətliyə qovuşmasında üç aşamayı yansıtdı. Bu üç aşama içində türkçülük ən zor və anlamlı ünsür oluyordu".
***
Ancaq təəssüf ki, çağdaş Türkiyə elmi-ədəbi fikrində (məsələn, İnci Engününün yazılarında) bəzən tarixi həqiqətlər gözlənilməz şəkildə təhrif olunur, İsmayıl bəy Qaspıralı ilə Ziya Gökalp arasındakı məsafə və mərhələdə Əli bəyin yeri, məqamı daraldılır: "Qaspıralının əsərlərində geniş ölçüdə işlədiyi türklük, islamiyyət və müasirlik qavramları, modern türk millətinin vaz keçə bilməyəcəyi ümdələr olaraq Ziya Gökalp tərəfindən formullaşdırılmışdır" — deyən prof. dr. İnci Engününə formullaşdırma məsələsində ən mükəmməl cavab yenə də Yusuf Akçura, yaxud Ziya Gökalp tərəfindən verilir. Yusuf Akçura "Türkləşmək, islamlaşmaq, müasirləşmək formulu əsasda Hüseynzadə Əli bəyə aiddir", Ziya Gökalp isə "Əli bəy Hüseynzadənin üçlü düsturu bütün türk dünyasında yeni üfüqlər açdı" - deyir.
***
Tuncər isə yazırdı: "Türk yurdu"nun anlayışına görə türkçülüyün qayəsi, bir türk kültürünü yaratmaqdır. Eyni kültürlə yoğrulmuş olan türklərin bir mədəniyyəti olmalıdır. Bu mədəniyyət Batı mədəniyyəti cizgisində bir türk islam mədəniyyəti xarakteri göstərməlidir. Batı mədəniyyəti texnoloji alanda örnək alınmalı, milli dəyərlərdə özə bağlı qalınmalıdır. Bu görüş təməli Hüseynzadə Əli bəyə dayanan - türkçüləri, türkləşmək, islamlaşmaq, müasirləşmək əsasına dayalı bir sintezə ulaşdırmışdır".
***
Ziya Gökalpın Əli bəy Hüseynzadə haqqında qənaətlərinə gəlincə, Bay Mehmet Tevfiqin Əli bəy tərəfindən də dəyərləndirilən yazısında bildirdiyi kimi, "...Ziya Gökalp ilk şüurlu milliyyət fikrini Hüseynzadədən iqtibas edən zümrə içində idi. Mərhumun farikaları arasında qədirşünaslıq da vardı. Hüseynzadənin fəzli-təqəddümünü elan etməkdən çəkinməz və haqqında çox dərin bir hörmət göstərərdi. Hüseynzadəyə "yalavac" ləqəbini verən Ziya Gökalpdır".
Ziya Gökalpın bioqrafları birmənalı şəkildə bildirirlər ki, dahi sosioloqu yetişdirən amillərin başında hələ 15 yaşında oxuduğu Əhməd Vefiq Paşanın "Ləhceyi-Osmani" kitabı, Leon Kahunun "Tarix" əsəri və Əli bəy Hüseynzadənin türkçülüklə bağlı görüşləri dayanırdı.
Səməd Ağaoğlunun da yazdığı kimi "dövrünün böyük mürşidi Ziya Gökalpa "İslam ümmətindən, qərb mədəniyətindən, türk millətindən olmaq" tezisini Əli bəy Hüseynzadə ilham etdi". Əli bəy Ziya Gökalpın qərbçi baxışlarına mədəni düsturun daha iki və vacib qolunu — türkləşmək və islamlaşmaq mərhələsini əlavə edir, nəzəri-metodoloji və siyasi istiqaməti müəyyənləşdirir: türkləşmək, islamlaşmaq və müasirləşmək.
***
Əli bəyə qədər "türkləşmək, islamlaşmaq, müasirləşmək" düsturu meydanda yoxdur. Heç bir halda yoxdur. Ayrılıqda Mirzə fətəli Axundovun avropalaşmaq, Seyid Cəmaləddin Əfqaninin islamlaşmaq təlimləri meydanda olsa da, yaxud Əli Suavinin irəli sürülən bütün məsələlər barədə aydın və prinsipial fikirləri olsa da, məlum məfkurə üçlüsü bütövlükdə Azərbaycanın və Türkiyənin dövlət düşüncəsinin təməlinə Əli bəy Hüseynzadənin fəlsəfəsindən miras qalır. Təməl prinsipi şəkilləndirən, ona nəzəri biçim verib türk fikir həyatına aşılayan Əli bəy Hüseynzadədir.
Bu barədə hətta mübahisə açmaq belə yersizdir. "Azərbaycan bayrağını mənalandıran üç ümdə amilin ideoloqu Əli bəy Hüseynzadədir" məqaləsində İldəniz Qurtulan yazırdı: "Bu məsələni mən uzun illər tələbəsi olduğum Mirzə Baladan öyrənmişdim. Bəllidir ki, Azərbaycan bayrağının rənglərini mənalandıran "türkləşmə, islamlaşma, müasirləşmə" prinsiplərinin ilk dəfə Ziya Göyalp tərəfindən irəli sürüldüyü sanılır. Bu yanlış fikirdir, çünki həmin üç amili bir prinsip kimi irəli sürən ilk ideoloq böyük dahimiz Əli bəy Hüseynzadədir... Azərbaycan türklüyü artıq bu tarixdən sonra qəti olaraq icma dövrünü başa vurdu və milliyyət dövrünə qədəm qoydu... Böyük alim, türkçülüyün ilk mütəfəkkiri Əli bəy Hüseynzadəyə türklük, islamiyyət və müasir Avropa mədəniyyətinə bir tezis, antitezis və sintez şəklində prinsip olaraq müəyyənləşdirmək şərəfi nəsib olmuşdur". Əli bəy Hüseynzadənin belə bir təşəbbüsdə olduğunu hələ 1928-ci ildə "Məktubi-məxsus"u incələyən Yusuf Akçura görüb dəyərləndirmişdi: "...Əli bəy... müzakirələrdə iştirak edən tərəflərin tezis və antitezislərini yüksək bir sintez halında birləşdirmək istəmişdir"...
 
Azər Turan
--------------------------------

qaynaq - edebiyyatqazeti.com

Hiç yorum yok:

Yorum Gönder