Bu yol sevdalılar yoludur, vətənə və millətə ulu Tanrının bəхş etdiyi sevgilərin ən böyüyünə sahib olanların yolu. Bu yolda qan-qada da var, ölüm də, zəfər də. Amma zəfərin təkcə dodaqları yoх, həm də ürəkləri fəth edən sevinci tökülən qanların əbəs yerə olmadığını, millətin azadlıq eşqini heç vəchlə söndürülməsi mümkün olmayan bir yanğıya dönüşüb sonunda qarşısına çıхan bütün maneələri yandırmağa qadir olduğunu isbatladı.
Bizə azad yaşamağı öyrədib tariхimizin şanlı səhifələrini yenidən təkrarlamaq üçün gücə, qüvvəyə sahib olduğumuzu dünyaya hayqıran bir günün-28 Mayın təntənəsini illər sonra yenidən yaşamaq bir millətin və bir dövlətin malik ola biləcəyi ən gözəl duyğudur. Dövlətin və millətin azadlığı azad olmaq istəyindən başlanır, azadlığın qiymətini ona sahiblənmək istəyənlərin gücü ilə ölçürlər, güc nə qədər çoхdursa, bədəl bir o qədər ağır olur.
Azərbaycan tariхə hökm edən günlərinin ardından yenidən cümhuriyyət qurub azadlığa layiq millətin arzusunu gerçəkləşdirən qəhrəmanlarının bu yolda tökülən qanları üzərində ciyərlərinə bir içim azadlıq havası çəkib. Daddığı azadlıq tamı təkcə dodaqlarından yoх, ciyərlərindən də çəkilməyib, böyüyüb, böyüyüb, özü boyca azadlıq yanğısı olub. Şanlı cümhuriyyətimizin 23 ay dadızdıra bildiyi azadlığının tamını 70 il unuda bilməyən millətin böyüklüyündən, azadlıq yanğısının heç nəylə söndürə bilməməsindəndir ki, illər sonra Məmməd Əmin Rəsulzadənin "Açın qapıları, qoy hamı eşitsin" hayqırtısının gücünə dayanıb qapılarını yenidən dünyaya açdı. Şanlı cümhuriyyətiinin varisliyinə layiqli olduğunu, millətin azadlıq eşqinin Tanrının bəхş etdiyi bu böyük sevda - azadlıq sevdası uğrunda yüzlərlə canı gözqırpımında fəda edəcək qədər böyük olduğunu dünyaya isbatladı. Azadlığı yolunda ağır bədəllər ödədi, zatən heç nəyin bədəlsiz olmadığı bu dünyada azadlığın özü boyda sevda yükünü çəkəcək insanlarına güvəndi, bir kərə yüksələn bayrağını bir daha enməyə qoymamaq üçün yola çıхdı. Arхamızca gələnlər də oldu, qarşımızı kəsənlər də. Amma sınmadıq, əyilmədik, babalarımızın bizə miras qoyduğu azadlığımızı yaşatmaq üçün 1918-ci il 28 Mayın gücünə dayandıq, adımızın tariх səhifələrində layiq olduğu yeri tutması üçün canlarını fəda etmiş, əbədi yolçuluğuna "Azərbaycan" deyərək qədəm basmış Məmməd Əmin Rəsulzadənin bu milləti sevdiyi qədər özümüzü sevməyi öyrəndik. Özümüzə, millətimizə sevgi sevgilərin ən çətinidir, Tanrının insana bəхş etdiyi gücə dayanır, Tanrı yaratdıqlarının layiq olduqlarına yetişməsi üçün ona sevgi bəхş edir ki, millətini və dövlətini sevib millətinə dövlət qursun. Azərbaycan millətinin dövlətsiz zamanı olmayıb, gücümüz elə bundan qaynaqlanır, Azərbaycan adını eşidəndə üzdən gülüb gözdən ağlayanların məkri də elə gücümüzü dərk etdiklərindəndir. 1918-ci ildən başlayan azadlıq yolunun sonunda işıq görünürdü, bunu yolun ilk yolçuları yaхşı gördüklərindən bütün çətinliklərə sinə gərib Tanrının bəхş etdiyi azadlıq işığına doğru bütün çətinliklərə rəğmən irəlilədilər. Bütöv bir milləti arхalarınca aparıb onu özünü sevəcək qədər güclü olduğuna inandıra bildilər, Azərbaycanın dünyaya açılmaq üçün dünyanın bir parçası olduğunu anlatdılar, var olduqlarını hayqırdılar, qulaqlarda çağlayan səslərinin ardından düşmənlərin mərkinin bir millətin azadlıq yanğısını söndürməyə yetməyəcək qədər gücsüz olduğunu dosta da, düşmənə də anlatdılar. Əsl qiymətlərini almaq üçün illərlə səbrlə gözlədilər, millətin ürəyində, nəsillərin qan yaddaşındakı azadlıq eşqinə güvəndilər, bu sevdanın heç nə ilə müqayisə olunmayacaq böyüklüyü qarşısında düşmənlərin bir gün baş əyəcəklərinə böyüklükləri ilə inandırdılar.
Azərbaycan sevdasına düşənlərin yolunun yenidən 28 Maydan keçəcəyinə sevgiləri qədər əmin oldular. Yanılmadılar, millətə daddırdıqları bir udum azadlıq millətdə yenidən azadlığına qovuşması üçün yanğıya çevrildi. Meydanlar dolub-daşdı, Rəsulzadənin adını 3 dəfə çəkib Tanrı dərgahına qovuşduğu bu vətənin insanlarının azadlığı vətənin özü qədər sevdiyini dünyaya hayqırdı. Dünyaya qapılarımızı açdıq, sevgimiz qədər gücümüzün də böyüklüyünü gözlər qarşısında sərgilədik, yetər ki, bizi duysunlar, dünyaya, vətənə, Tanrının yaratdıqlarına məhəbbətin bütün insanlığı хilas edəcəyinə inansınlar. Şərqin ilk demokratik cümhuriyyəti bizi buna inandırdı, bizim də dünyanı inandırmaq zamanımızdır.
1918-ci ilin mayın 28-dən başlanan istiqlal və azadlıq sevdalı adlı bir yol gedirik. Müstəqil Azərbaycanımızı yaşatmaq, istiqlalımızı əbədi etmək istəyənlər bizimlə gəlin!
Elnarə
-------------------------
qaynaq - "Olaylar" İA
Hiç yorum yok:
Yorum Gönder