2010-12-02

Azərbaycanın ən böyük kişisi

Səxavət Əlisoy
.
     Kukla teatrı ilə üzbəüz bağda ulu öndər Məhəmməd Əmin Rəsulzadəyə abidə ucaldılacaqdı. Buradakı daşın üzərində belə yazılmışdı. Sizlər bir daha o daşı görməyəcəksiniz. YAP iqtidarı ULU ÖNDƏR M.Rəsulzadəyə olan nifrətini bir daha isbatladı. Bolşevik nəvələri bolşevizmin düşməni olmuş bir kişini necə həzm edə bilərlər ki?
   Əvvəl üstündə ÜMUMMİLLİ LİDERİN şəkli olan milli valyutadan imtina etdi, neobolşeviklər. Sonra Məhəmməd Əmin Rəsulzadənin adını, yaradıcısı olduğu Bakı Dövlət Universitetinin üstündən götürdülər. Daşdan sonra Bakıda daha iki nişanə qalır. Dövlətimizin qurucusunun adını daşıyan küçənin və Rəsulzadə qəsəbəsinin adını da dəyişmək lazımdır. Sonda Məhəmməd Əminin doğulduğu Novxanı kəndində qoyulmuş abidəsini götürmək gərəkdir.



   Təmizləmə əməliyyatlarından sonra YAP iqtidarı mütləq Azadlıq meydanında bir hərbi parad və bulvarda harınların bayram gəzintisi düzənləməlidir. Qələbəni qeyd etmək lazım deyil, məgər?
Azərbaycan bu gün Əliyevlərin istifadəsindədir. Taxtda oturan oğul bir kimsənin atasından öndə olmasına necə razı ola bilər? Atasından savayı "ulu öndər" titulunu kimsə daşıya bilərmi?
    Hamıya bəllidir ki, Heydər Əliyev sağlığında Rəsulzadəni qəbul etmirdi. Qəbul etməsi heç məntiqə də sığmırdı, axı. ömrünü avantürist bolşevizm-leninizm ideyalarınin gerçəkləşməsinə həsr etmiş KQB generalı gənc yaşlarında Yaxın Şərqdə ilk demokratik cümhuriyyət qurmağa nail olmuş Məhəmməd Əmin Rəsulzadəni necə həzm edə bilərdi?
   Məhəmməd Əmin Azərbaycanda bolşevik hakimiyyətinin əvəzinə müstəqil dünyəvi dövlət yaratdı. üç rəngli bayrağımızı göylərə qaldırdı və "Bir kərə yüksələn bayraq, bir daha enməz" dedi. Ulu öndər ömrünün sonuna qədər vətən və millət mücadiləsi etdi. Nə pulu, nə sərvəti oldu, M.Rəsulzadənin. Doğma nəvəsinin biri ehtiyac ucbatınıdan sağlamlığını itirərək dünyasınıdəyişdi.
Heydər Əliyevsə Məhəmməd Əmin Rəsulzadədən çox fərqli bir ömür yaşadı. Onların arasındakı əsas fərqləri tarix çözəcək, onsuz da. Bir fərqin üzərində dayanmağa dəyər. Rəsulzadə bolşevik imperiyasının dünyaya meydan oxuduğu bir zaman, mühacirətdə belə müstəqil Azərbaycan uğrunda mübarizə apardı və son nəfəsində Azərbaycan deyərək əbədiyyətə qovuşdu. Ondan ailə üzvlərinə heç bir maddi miras qalmadı.
Heydər Əliyevin Azərbaycan üçün etdiklərini dartışmadan, son nəfəsində nə dediyini təftiş etmədən bir reallığı etiraf etmək gərəkdir ki, varisi üçün taxt-tacla yanaşı, dəyəri özlərinə, bir də Allaha bəlli olan sərvət qoyub getdi. Yadda saxlayın ki, bu fərqin geniş müzakirəsi aparılacaq gün də olacaq...
   M.Rəsulzadənin adını Azərbaycan tarixindən silmək çox gülüncdür. Əslinə qalsa böyük kişilərə heykəl ürəklərdə qoyulur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın ƏN BöYüK KİŞİSİDİR. Onun heykəli Azərbaycanın hər bir vətənsevərinin ürəyində qoyulub. Məmləkətin hər guşəsini YAP-ın yaradıcısının heykəlləri ilə dolduranların cəsarətləri varsa Məhəmməd Əmin Rəsulzadəyə ümumxalq sevgisinin səviyyəsini ölçmək üçün obyektiv bir sorğu keçirsinlər. O zaman həm MİLLİ LİDERin kim olduğunu dərk edər, həm də, kimin heykəlinin qoyulmasının gərəkliliyini anlayarlar.
......................................... 
qaynaq - paralel.az

Hiç yorum yok:

Yorum Gönder