2010-12-03

65 il Mühacirətdə

Azadlıq mücahidi Süleyman Təkinərin anadan olmasının 90 ili tamam oldu Süleyman Təkinər Türkiyədə fəaliyyət göstərən mücahidlərdən olub M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından biridir. 1952-ci ildə M.Ə.Rəsulzadənin sağlığında Ankarada seçilmiş Azərbaycan Milli Mərkəzinin 9 nəfərdən ibarət olan İcra Komitəsi üzvlərindən biri S.Təkinər olub.
Süleyman Məmmədəli oğlu Məmmədov 1917-ci ilin aprelində Bakının Mərdəkan qəsəbəsində anadan olub.
Atası Məmmədəli Qəhrəman oğlu 1937-ci ildə repressiya qurbanı olub, 1942-ci ildə həbs düşərgəsində dünyasını dəyişib. Müsavat Partiyasının üzvü olub.
Süleyman Təkinər 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib və Gəncə Pedaqoji İnstitutunda fəaliyyətə başlayıb. 



1942-ci ildə sovet-alman müharibəsində orduya çağırılıb, 1943-cü ildə əsir düşüb, beləliklə də vətəndən didərgin həyat keçirməyə məruz qalıb. Başına çox böyük əzab-əziyyət gəlmiş, hər cür ağır təqdiredici məşəqqətlərə dözüb.
Müharibə qurtaranda Avstriyada olmuş, oradan İtaliyaya, Qahirəyə, ən nəhayət, Türkiyə hökumətinin əsirlikdə olan bütün azərbaycanlılara hərtərəfli köməyi nəticəsində 1949-cu il yanvarın 8-də o da Türkiyəyə gələ bilib. Burada Türkiyə vətəndaşlığına qəbul edilib. Təkinər təxəllüsünü də buradan götürmüşdür (mənası Əmin adam deməkdir).
1956-cı ilə qədər İstanbul millət kitabxanasında işləyib.
Bu müddət ərzində o zaman Türkiyədə mühacirətdə olan Azərbaycanın Böyük oğlu Məmməd Əmin Rəsulzadə ilə görüşə bilib və qısa zamanda onun ən sevimli, ən ləyaqətli, ən etibarlı silahdaşlarından birinə çevrilib. Heç təsaüdfi deyil ki, M.Ə.Rəsulzadənin dəfn mərasimində çıxış edən 3 azərbaycanlıdan biri S.Təkinər olub.
Onu da qeyd etmək lazımdır ki, o böyük şəxsiyyətlə bağlı Süleyman bəydə çoxlu xatirələr, yazışmalar, fotoşəkillər və başqa maraqlı materiallar vardır.
S.Təkinər deyirdi ki, “Bakıda Məmməd Əminin adına layiq bir muzey yaradılarsa, candan artıq qoruduğum bu qiymətli sənədləri həmin muzeyə hədiyyə edəcəm”.
1956-cı ildə Avropada Azadlıq radiosu təşkil ediləndə Azərbaycan Milli Mərkəzinin təklifi ilə Süleyman bəy Almaniyaya köçür və bu radionun yaradıcılarından biri kimi fəaliyyətə başlayır. Həmin vaxt Almaniyada Sovet İttifaqını öyrənmə-araşdırma İnstitutu yaradılır. S.Təkinər Azadlıq radiosunda çalışmaqla yanaşı, adıçəkilən institutda da baş mütəxəssis kimi fəaliyyət göstərir.
Bu dövrdə Süleyman bəy çox ciddi elmi-publisist araşdırmalar apararaq 100-dən çox elmi, publisist, siyasi-ictimai yazılar hazırlamış, Türkiyədə çap olunan Türk Kültür Dərgisində və adıçəkilən institutun toplularında nəşr etdirmişdir.
S.Təkinərin yazıb nəşr etdiyi yüzlərlə yazıdan bir neçəsinin adını qeyd etmək yerinə düşərdi:
“Sovet Azərbaycanı maarifinə toplu bir baxış və kommunist tərbiyə sisteminin hədəfi” (1955);
“Sovet maarif sistemini alt-üst edən yeni bir qanun münasibətilə” (1959);
“Azərbaycan tarixi və kültürü böylə təhrif edilir” (1956);
“Sovet Azərbaycanında çıxan bir tarix əsəri münasibətilə” (1960);
“Sovet Dayanışma Komitəsinin Asiya və Afrika məmləkətlərilə ilgili fəaliyyəti”  (1966);
“Sosialist millət əfsanəsi üzərinə” (1976);
“Sovet Cümhuriyyətlərində ideoloji çalışmalar” (1977) və s.
O, hələ 1956-cı ildə Azərbaycanda Azərbaycan dilinin dövlət dili elan edilməsi ilə əlaqədar adıçəkilən topluda “Azərbaycan türkçəsinin rəsmi dövlət dili elan edilməsi münasibətilə” adlı böyük məqalə ilə çıxış etmişdir.
“Azərbaycan istiqlal mübarizəsində Rəsulzadəsiz keçən 30 il”, “Böyük siyasi orqanizator Rəsulzadə” və s. məqalələri adıçəkilən dərgilərdə çap edilib.
Qeyd etmək lazımdır ki, “Azərbaycan istiqlal mübarizəsində Rəsulzadəsiz keçən 30 il” məqaləsi bizdə “Odlar yurdu” qəzetində dekabr 1992 - yanvar 1993-cü ildə çap edilib.
Adıçəkilən dərgi və toplularda çap etdirdiyi yazıların xeyli hissəsi ABŞ, Yaponiyanın və bir sıra digər ölkələrin dövri mətbuatında yenidən nəşr edilib.
Qəlbi doğma Azərbaycanla daima döyünən Süleyman bəy apardığı araşdırmalarda və radio üçün hazırladığı silsilə məqalələrində əsasən nədən bəhs edirdi? - Azərbaycanda gedən ictimai-siyasi məsələlərdən, Azərbaycanın rus imperiyasının müstəmləkəsinə çevrilməsindən, XI Qızıl Ordunun işğalçı siyasətindən, sərvətlərimizin talan edilməsindən, ölkəmizdəki hüquqsuzluqlardan, milli mənliyimizin tapdanmasından, manqurt psixologiyamızdan, içimizə sürgün edilməməyimizdən, siyasi axtalanmaya məruz qalmağımızdan və s.
S.Təkinərin ən ümdə amalı doğma vətəni - Azərbaycanı azad-müstəqil görmək idi. Bu istiqamətdə həmvətənlərinə əsl həqiqəti çatdırmağa çalışaraq öz qələmi ilə vuruşurdu. Sovetlərdə isə haqqın  səsini hər vəchlə boğurdular. Xalqını canından çox istəyən, millət mücahidlərinin ünvanına vətəndə olmazın böhtan və iftirasını yağdırır, kommunist ideologiyasının buqələmun nökərləri hər cür hədyan sözlər danışırdılar. Bu tipli yazılar sırasında 1972-ci il noyabrın 30-da “Bakı fəhləsi” qəzetində Aydın Vəlixanov və Vladimir Sinıtsının - “İdeoloji təxribatlar” məqaləsi. 1973-cü il dekabrın 22-də “Ədəbiyyat və incəsənət” qəzeti - Musa Qocayevin “Respublika adından” - yazısı, 1979-cu il “Nedelya” qəzetində A.Kolosovun yazısı, 1983-cü il “Kommunist” qəzeti “Bir ağanın 2 nökəri” və digərlərini göstərmək olar.
Qondarma Qarabağ problemi meydana çıxandan S.Təkinər daima müxtəlif qəzet və jurnallarda haray salıb. O, 1992-ci ildə Ermənistanın xarici işlər naziri Raffi Ovanksyanın Amerikaya səfəri zamanı irəli sürdüyü bir sıra əsassız iddiasından qəzəblənərək Qarabağ məsələsinə, Azərbaycana edilən haqsızlığa qarşı etiraz səsini ucaldaraq ABŞ-ın dövlət katibi cənab Beykerə, Türkiyənin baş naziri Süleyman Dəmirələ və “Nyu York Tayms” qəzetinə açıq məktub göndərib. Məktubda başlanğıcını 1800-cü ildə götürmüş qondarma Qarabağ məsələsini, ermənilərin Azərbaycana qarşı etdikləri soyqırım məsələlərini, torpaqlarımızın hissə-hissə ermənilər tərəfindən işğal edilməsi tam dolğunluğu ilə açıqlanıb. Heç şübhəsiz ki, həmin məktubların respublikamızın bugünkü taleyi üçün müəyyən təsiri olub.
S.Təkinər 52 il mühacir həyatı keçirdikdən sonra 1992-ci ildə vətəninə gəldi. Dəfələrlə qeyd edirdi ki, “ömrümdə Bakıda keçirdiyim bu 1 ayı yaşamışam”.
Onun ən böyük arzusu Azərbaycanı tam müstəqil, Azərbaycan xalqını firavan görmək idi.
Ömrünün son günlərinə kimi S.Təkinər qələmini yerə qoymayıb. Azərbaycana həsr etdiyi kimi cildlik əsəri tamamlamaq ərəfəsində idi. Lakin əcəl ona imkan vermədli. Keçən il dekabr ayının 15-də dünyasını dəyişdi, hazırda İstanbul məzarlığında uyuyur. Allah rəhmət eləsin!
Ömrünün 65 ilini qürbətdə yaşamış, ehtiyacsız ömür sürən, gözəl ailə sahibi olan (2 övladı, nəvəsi, həyat yoldaşı) bu şəxs hər dəfə Bakıdakı yaxınları ilə telefon danışığını və yazdığı məktublarında son cümləsini “qərib dayınız” kəlməsi ilə bitirirdi.
Vətən cazibədarlığı, vətən yanğısı əvəz edilməzdir!
Elmira ƏBDÜLHÜSEYNQIZI, Aydın KƏRİMOV
------------------------
qaynaq - musavat.com

Hiç yorum yok:

Yorum Gönder