2010-12-03

Aşağılanan Bayram

     Respublika gününü də beləcə yola verdik. Möhtəşəm bir tarixi olayı təmtəraqsız-filansız, adicə təqvim günü kimi qeyd elədik. Ayrı vaxtlarda şəhərdə yerli-yersiz konsertlər hazırlayanlar, Bakını fişəng tüstüsünə qərq eləyənlər də nədənsə qeybə çəkilmişdilər. Sanki bu bayramın yüksək səviyyədə keçirilməsi yasaq olunmuşdu. Amerika, Rusiya kimi dünya güclərindən bayram təbrikləri alan dövlət başçımız da öz xalqını təbrikə vaxt ayırmadı. Cümhuriyyətimizin yarandığı gün rəhbərin Türkiyədəkitək ulusa 10 dəqiqəlik çağırış etməsinə problem yaradan nəymiş görən?

Bu sualla Prezident Aparatının məsul işçisi Nazim İsayevə müraciət etdikdə bildirdi ki, hər bayramda (?) ölkə başçısının xalqa müraciət etməsinə ehtiyac yoxdur. Düzdür, hörmətli İlham Əliyev “Gülüstan” sarayında rəsmi qəbul keçirdi. Ancaq orda bütün xalq iştirak etmirdi və üstəlik də cümhuriyyətimizin banisi olmuş kişilərdən birinin belə adı çəkilmədi. Milli Dirçəliş və Müstəqillik gününün iş günü elan olunmasından sonra əslində 28 mayın urvatla qeyd olunmayacağı bəlliydi. Təəssüf ki, artıq dövlət səviyyəsində yürüdülən siyasət “bəhrə” verir. Bir dövlətin yaranışını sıradan adi bir vətəndaşın doğum günündən də təmtəraqsız şəkildə keçirməyimiz gerçəkdən ağrılı məsələdir.



 Səbrimi basıb bayram günü telekanalları izlədim. Sadəcə, heyrət doğuran mənzərəydi. Demək olar ki, bütün rayonlardan gələn xəbərlər eyniydi. İlk olaraq ADR-in yaranması tarixi qeyd olunur, ardınca da birbaşa 1993-cü ilə keçid edilir, mərhum Heydər Əliyevin hakimiyyətə gəlişindən danışılırdı. Bəs, milli azadlıq hərəkatı, üçrəngli bayrağı yenidən dövlətin üzərində dalğalandıran kişilər, müstəqilliyimizə səs verən insanlar? Axı, 1993-dək Azərbaycan iki il müstəqil dövlət kimi yaşayıb, xarici-daxili düşmənlərlə mübarizə aparıb, pis-yaxşı rəhbərlik, idarəçilik olub.    Düzdür, şəhərin ayrı-ayrı yerlərində bayram təbrikləri yazılmış tablolar qoyulmuş, yol kənarlarındakı işıq dirəklərindən bayraqlarımız asılmışdı. Ancaq bütün bunları Şərqdə yaranmış ilk cümhuriyyətin qeyd olunması üçün yetərli saymaq olmazdı. Azərbaycan telekanallarının cəsarət etmədiyi bir mövzuya dünən səhər Türkiyənin STV kanalı müraciət etmişdi ki, bu da utanc gətirən məsələydi. Sorğuda iştirak edən Azərbaycan gəncləri içərisində tək-tükü vardı ki, 28 Mayın hansı gün olduğunu dəqiq bilirdi. Ən maraqlısı o idi ki, gənclərimizdən biri sualın cavabında “28 may mənim ad günümdür” (!) deyə cavab verdi. Bu, bizim dövlət və millət olaraq faciəmizdir.
Dünya ölkələrinin istiqlal günlərinə münasibəti bir başqadır. ABŞ, Fransa, Böyük Britaniyada istiqlala necə böyük dəyər verildiyi barədə danışmağa ehtiyac yoxdur. Təkcə Amerikanın 39 ştatında Azadlıq Abidəsinə 200-dən çox oxşarının hazırlanması faktı bu dövlətin istiqlalına münasibətinin göstəricisidir. Bizdən iki gün öncə bayramını qeyd edən qonşu Gürcüstanda həmin gün hərbi parad keçirildi. Millət onu qoruyan ordunu, topu, tüfəngi gördü. Bizimkilər hərbi büdcənin artımı, silah-sursatın alınmasıyla fəxr edir. Heç olmasa ermənilərin Ağdamda keçirdiyi hərbi təlimlərə cavab kimi paytaxtda parad keçirmək, ordumuzun qüdrətini sərgiləmək olardı. Qardaş Türkiyə özünün Cümhuriyyət gününü çox yüksək səviyyədə qeyd edir. Bu bayramlar həm də millətə öz böyüklüyünü göstərmək, onun özünə güvəncini artırmaq üçün gərəklidir.
Mən səlahiyyət sahiblərindən soruşuram, ADR-in 89-cu ildönümündə Məmməd Əmin Rəsulzadənin, yaxud Fətəli Xan Xoyskinin məzarlarının belə ziyarət olunmaması ayıb deyilmi? Türkiyədəki səfirliyimizin əməkdaşları bir dəstə gül götürüb ulu öndərin qəbrini ziyarət etsə, doğrudanmı fəlakət baş verərdi? Heç olmasa orta məktəb səviyyəsində Rəsulzadəni xatırlamaq olmazdımı? Rəsulzadənin xidmətlərinin unutdurulması siyasətini başa düşdük. Bəs, Respublika günündə İstiqlal bəyannaməsini imzalayan 26 nəfərdən biri barədə də olsun hansısa tədbirin keçirilməməsinə nə ad verək? Nə səbəbə onlardan birinin portretləri qaldırılmadı?
Mərhum ziyalımız Mürşüd Məmmədli həyatının son günlərinədək ehtiyac içində yaşadı. Lakin müstəqil ölkənin sərvətlərini müstəqilcəsinə talayanlar bu dövlətin müstəqilliyinə səs verən kişiyə pensiya belə ayırmaqdan imtina etdi. Kim bilir, bəlkə haqqı olan kişilərdən biri kimi Mürşüd bəy normal təmin olunsaydı, hələ neçə illər yaşayacaqdı. Ancaq bu ölkənin sərvətləri hansısa adlar altında məddahlar, yalançılar, riyakarlar arasında gen-bol bölüşdürülür, heç “uf” deyən yoxdur.
Müstəqilliyimizdən istədiyi kimi bəhrələnənlərin istiqlal qazilərimizə bunca ögey münasibəti anlaşılan deyil. Heç olmasa, qazandıqları milyardların müqabilində bu dövlətin gerçək qurucularına münasibətlərini azca dəyişəydilər...
Elşad Paşasoy
---------------------
qaynaq - musavat.com  30.05.2007

Hiç yorum yok:

Yorum Gönder