2010-12-02

Rəsulzadənin məsajı: Orta Asiya və Borcumuz

Şübhəsizdir ki, Rusiya imperiyasının müsəlman xalqlarının milli-türk özünü-dərk hissi çoxdan oyanmağa başlamışdır: ilk türk mənşəli dramaturq, Azərbaycanlı Mirzə Fətəli Axundzadə 1850-ci ildə öz ölməz komediyaları adi el dilində yazdığı andan...
(Rəsulzadə, M.: O panturanizme, Paris 1930, səh. 46)

Tarixdən bilirik ki, Azərbaycanın sovetləşməmişdən əvvəl öz dövləti var idi və bu dövlət beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub, Bakıda isə bir sıra ölkələrin səfirlikləri, konsulluqları fəaliyyət göstərib. XX əsrin əvvəlində azərbaycanlılar digər Şərqi Avropa millətləri ilə birgə müstəqil dövlət qurmağa nail olublar.





1918-ci ildən 1920-ci ilə qədər yaşamış Azərbaycan Xalq Cümhuriyyəti nadir bir fenomen idi. Xalq Cümhuriyyəti ölkəmizdə XIX əsrin sonundan intişar tapmış milli azadlıq hərəkatının, məmləkətimizdə yayılan ictimai fikirlərin, çarizmə qarşı mübarizənin nəticəsi idi. O vaxtlar azərbaycanlılar gürcülər və estonlarla birgə öz ərazilərində yadelli hökmranlığa son qoyaraq, çağdaş respublika üsul-idarəçiliyinə malik dövlət quraraq beynəlxalq aləmə daxil oldular.


Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu birbaşa Azərbaycan ziyalıları ilə bağlıdır. Azərbaycanın ictimai və milli düşüncəsinin görkəmli nümayəndələrinin adları millətimizin tarixinə qızıl hərflərə yazılıb: diplomatlarımız Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, tarixçimiz Hilal Münşi... Məmmədəmin Rəsulzadənin isə bu proseslərdəki müstəsna rolu hamıya bəllidir.
Yüksək təhsilə malik Rəsulzadə sözün əsl mənasında azərbaycançılıq ideyasının, nəzəriyyəsinin bünövrəsini qoyub. O, çoxsaylı elmi əsərin müəllifi, 1955-ci ilə qədər qürbətdəki Azərbaycanın əsas səsi idi. Məmləkətindən uzaqda yaşamağa vadar olan Rəsulzadə həyatının 33 ilini azərbaycanşünaslığa həsr edib.
Tarixçilərimizin (Nəsib Nəsibli, Nəsiman Yaqublu və Cəmil Həsənli) Rəsulzadənin fikir aləmini, ideyalarını və Azərbaycan haqqında yazdığı əsərlərin mətləbini ilk dəfə olaraq 1990-1992-ci illərdə azərbaycanlı oxuculara tanıtdırıblar. Rəsulzadənin kitabları 1990-cı illərin əvvəlində ölkəmizdə Azərbaycan dilində nəşr olunmağa başlansa da, son illərdə elmi səviyyədə də Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatına nisbətən az vaxt ayrılır, bu mövzulara aid monoqrafiyalar və kitablar çap edilmir.
Qəribə bir prosesdir... Sovet İttifaqı dağılanda Rəsulzadə və AXC ilə bağlı nəşrlərin sayı daha çox idi, nəinki son beş-altı il içində. Baxmıyaraq ki, bu dövr həm Azərbaycan tarixşünaslığı, həm də böyüyən gənclərimiz üçün ən önəmli və vacib dövrdür.
Bu yazıda oxucunun diqqətini Rəsulzadənin 1930-cu ildə Parisdə çap etdirdiyi kitaba cəlb etmək istərdim. Rəsulzadə qafqazlılar tərəfindən Avropada təsis olunmuş «Prometey» təşkilatının fəal üzvü idi. O, orada məşhur gürcü siyasətçisi, Noy Jordaniya ilə birgə işləyib, geniş elmi fəaliyyətlə məşğul olub. Rəsulzadənin amalı Azərbaycanı Avropada tanıtdırmaq, bolşeviklərin istilasına düşmüş azərbaycanlıların acı aqibəti haqqında məlumat yaymaq və kommunizmə qarşı ideoloji mübarizə aparmaq idi. Rəsulzadə hələ 1920-ci illərdən publisist kimi məqalələr və elmi nəşrlər vasitəsilə fikirlərini Avropa ictimaiyyətinə və mühacir intellektuallara çatdırmaqla məşğul olurdu. O, türkçülük, azərbaycançılıq, Qafqaz birliyi və s. mühüm ideoloji məsələlərə toxunub, onları dərindən təhlil edib.
1930-cu ildə Rəsulzadə “Panturanizm haqqında” (orijinalda “O Panturanizme”) adlı kitabı nəşr etdirir. Bu kitab rus dilində yazılıb və Avropada mühacirətdə yaşayan qafqazlılar arasında gedən ideoloji diskurs üçün töfhə kimi nəzərdə tutulub. Kitabın nəşrini “Müstəqil Qafqaz Komitəsi” hazırlamış, Noy Jordaniya isə ön sözünü yazmışdı.
Kitabda XX əsrdə ilk Azərbaycan dövlətinin banisi Məmmədəmin Rəsulzadə türkçülük ideyasını izah edib, onun digər ideoloji cərəyanlarının kontekstində təhlil edib.
Müsəlman cəmiyyətlərində “millət” anlayışının inkişaf yollarını araşdıran Rəsulzadə Sovet İttifaqında yaşayan türklərin mədəni intibahının tərəfdarı olub. O, Orta Asiya türklərinin özünüdərk hissinin güclənməsini arzu edib, “pantürkizm” irticaçı məfhumunu rədd edərək, adi türkçülükdən bəhs etməyə cəhd göstərib. Rəsulzadə türkçülük deyəndə adi, sağlam və türkdilli xalqlara xas olan eyni mədəniyyətin inkişafını başa düşürdü. Sovet işğalı zamanı “tarixçilər” Rəsulzadəni “böyük Turan dövlətini” qurmaq istəyən şəxs kimi qələmə versələr də, Rəsulzadə özü öz kitabında yazırdı ki, hər millətin “öz dövləti olmalıdır, türkdilli ellər isə öz dövlətlərinin sahibləri olsalar da, eyni mədəni çərçivədə inkişaf etməlidirlər”. Yəni Rəsulzadə güclü və müstəqil Azərbaycan dövlətini görmək əzmində idi, türkdilli qohumluq əsasında başqa ölkə ilə birləşmək fikrində deyildi: “Bütün dünya türklərini birləşdirən dövlət qurmaq planları heç vaxt həyata keçməyəcək bir arzudur”.
Yazıdan görünür ki, Rəsulzadə Avropada gedən proseslərlə çox gözəl tanış idi, onun çex, polyak və alman intellektualları ilə sıx əlaqələri vardı. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Avropaya mühacirət etmiş rus ziyalılarının içində də Məmmədəmin Rəsulzadə böyük nüfuza malik idi. Rəsulzadə həm türkçü, həm qafqazlı, həm də rus intellektualları arasında yaxşı tanınırdı. Onun İstanbulda işıq üzü görən “Odlu-Yurd” qəzetindəki məqalələri və çıxışları Avropadakı mühacirlər arasında maraqla izlənirdi.
Qafqaz evi ideologiyasının müəlliflərindən biri olan Rəsulzadənin dünya türkçülük sahəsində xidmətləri var. O, Ziya Göyalp kimi tarixi şəxsiyyətlə bərabər 1930-cu illərdə yeni türkçülük ideologiyasının müəllifi idi. Türkdilli xalqların mədəni haqlarının müdafiəsini özünə borc bilən Rəsulzadə bütün “sovet” türklərinin müdafiəçisinə çevrilmişdi. Rəsulzadə elə həmin vaxtlada Azərbaycan xalqının mədəni-mənəvi missiyasını müəyyən edib. “Hər millətin mədəniyyətinə layiqincə diqqət göstərilməli, onun ədəbiyyatı və özünüdərk hissi əngəlsiz inkişaf etməlidir” deyən Rəsulzadə keçmiş rusiya imperiyasının ərazisində yaşayan xalqların milli azadlıq hərəkatına qoşulmasının tərəfdarı idi. O təkcə azərbaycanlılarla gürcüləri deyil, həmçinin qırğızları, özbəkləri, türkmənləri, tatarları və s. xalqları azad toplum içində görmək arzusunda idi.
Rəsulzadə çağdaş türk tarixinin gözəl bələdçisi kimi həmin vaxtlar Türkiyədə gedən prosesləri, türk ziyalıları arasında mövcud olan fikir mübadiləsini də təhlil etmişdi. “Panturanizm haqqında” kitabında o, türk tarixçisi Mükrimin Xəlilbəyin təsis etdiyi Anadolu ideoloji məktəbindən bəhs edərək yazırdı ki, bu fikir cərəyanı milli deyil, irqi quruluşa üstünlük verir.
Rəsulzadə türkçülük ideologiyasının inkişafını panslavizm hərəkatı ilə müqayisə edir, bu iki istiqamətdə eynilikləri və fərqləri araşdırmaq əzmində idi. Maraqlısı ondadır ki, tarixşünaslıq və ictimai ideyalar tarixində Rəsulzadəni Azərbaycan elmində komparativ, yəni müqayisəli məktəbin banisi kimi saymaq olar. Onun müqayisələri dərin intellektə əsaslanırdı. O, çex panslavistlərinin müxtəlif slavyan dövlətlərini, slavyan xalqlarının federasiyasını qurmaq yolunda etdklərini dərindən təhlil etmişdi. Öz siyasi görüşlərində Rəsulzadə qərb və şərq dəyər sistemlərini sintez etməyə hazır olan azərbaycanlı ziyalı idi.
Əslində, belə müqayisə bu günə qədər Azərbaycan elmində hələ eşidilməyib. Rəsulzadə həqiqətən zəngin təcrübəyə, dərin biliyə və yüksək analitik təfəkkürə malik idi. Öz yazılarında Rusiya imperiyasının tərkibində zülmət içində yaşayan xalqların aqibətinə toxunan Rəsulzadə onları çar imperializminə və bolşeviklərin müstəbid rejiminə qarşı birlikdə mübarizə aparmağa çağırır. O öz doğma diyarında, Qafqazda baş verən hadisələri Şərqi Avropanın tarixi inkişafının çərçivəsində görür. Məsələn, Rəsulzadə yazır: “Dünyada baş verən prosesləri izləyən hər kəsə bəllidir ki, polyak müstəqilliyini ilhamlayan əsas amil onun rus imperializminə qarşı nifrəti idi”. Yəni yadelli hökmranlıqla heç vaxt barışmamaq, müstəbid rejimə qarşı mübarizə aparmaq Rəsulzadənin məfkurə sisteminin ayrılmaz hissəsi idi.
Böyük mütəfəkkirin ideyalarını öyrənmək, tədqiq və tətbiq etmək zəmanənin tələbidir. “Ümumqafqaz evi” ideyası, türksoylu millətlərin mədəni əlaqələrinin güclənməsi və s. fikirlərin müəllifi çağdaş Azərbaycan dövlətinin qurucusu Məmmədəmin Rəsulzadə idi. Onun bizim nəslimizə mesajı, əsas tövsiyəsi nədədir? Əslində Rəsulzadə azərbaycançılıq ideyasını inkişaf etdirməklə Azərbaycan xalqının əsas missiyasını da müəyyənləşdirib: «Böyük və güclü Şərq dövlətlərinin xələfi və zəngin mədəni-mənəvi potensialının sahibi Azərbaycan milləti öz təşəkkülündə Qərb dəyər sisteminin ayrılmaz hissəsidir. Azərbaycanlılar keçdikləri yolda Şərqi Avropa xalqlarının qazandığı eyni tarixi təcrübəyə sahibirdirlər. Latın əlifbasına keçdiyimizlə və Avropaya inteqrasiya etmək əzmimizlə yanaşı, azərbaycanlılar öz tarixi missiyasını unutmamalıdırlar. Millətimizin tarixi borcu türkdilli xalqlarla əlaqələri gücləndirmək və onlara üzləşdiyi problemlərin çözülməsində yardım etməkdir».
Polşa öz tarixini və geostrateji maraqlarını üstün tutaraq ukraynalılara demokratikləşmə prosesində və onların Avropaya inteqrasiyasında köməklik etməyə hazır olduğunu dəfələrlə sübut edib. Orta Asiya ölkələrinə hər cür yardım etmək isə Azərbaycan Xalq Cümhuriyyətinin xələfi olan çağdaş Azərbaycan Respublikasının mənəvi borcudur. Azərbaycanın ali məktəbləri, universitetləri öz qapılarını orta asiyalıların üzünə açmalıdır. Azərbaycan Milli Elmlər Akademiyası Orta Asiya xalqlarının dillərinə zəngin ədəbiyyatımızın tərcüməsini hazırlamalıdır ki, milli ədəbiyyatımız Asiya oxucusuna yol tapsın. Bu günə qədər Azərbaycanın hansısa elmi ocağında nə özbək, nə də qazax dili tədris olunub. Bu elmi biganəliyə son qoyulmasını indiki zəmanə tələb edir. Eyni zamanda Orta Asiya bölgəsində Azərbaycan dilinin tədrisi təşkil olunmalıdır. Almatıda və Bişkekdə hələ də minlərlə azərbaycanlı yaşamaqdadır, amma Azərbaycan dilində məktəblər fəaliyyət göstərmir.
Orta Asiya ölkələri öz təhsil sistemlərini milli dillərə keçirməkdə çətinlik çəkir. Sovet işğalı zamanı bu bölgədə milli dillərdə dərs vəsaiti, dərsliklər, demək olar, çap edilmədiyinə görə Türkmənistanın, Qırğızıstanın siyasi elitası bu gün də rusdilli olaraq qalır. Orta Asiya ölkələrində milli dilə əsaslanan təhsilə keçiddə azərbaycanlı dilşünasların köməyi çox önəmlidir. Yeni məfhumların, istilahların hazırlanmasında dilçilərimiz Orta Asiyanın filoloqlara yardım edə bilər. Orta Asiya xalqlarının dillərində müasir terminologiya Azərbaycan dilinin zəngin söz ehtiyatının əsasında yaradıla bilər.

Orta Asiya üçün Avropaya yeganə çıxış elə Azərbaycandan keçir. Vaxt keçdikcə Azərbaycanın və onun mədəniyyətinin vacibliyi Orta Asiyada daha aydın şəkildə anlanacaq. İlk addımı isə Azərbaycan özü atmalıdır, bu həm indiki zəmanənin tələbi, həm də Rəsulzadə kimi böyük əcdadlarımızın istəyidir.


Zaur QASIMOV
Almaniya, doktorant
-------------------------------------
qaynaq - mediaforum.az

Hiç yorum yok:

Yorum Gönder