2010-12-03

Rəsulzadənin təhqir olunması cavabsız qalmamalıdır

Türkləri təhqir edən “İran” qəzetinin nəşrinin bərpa edilməsi, əməkdaşlarının isə bəraət almaları İrandakı fars şovinistlərinə sanki əlavə stimul verib. Bundan az sonra qonşu ölkədə nəşr olunan “Şimali İran” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Şərqdə ilk demokratik respublikanın qurucusu Məmməd Əmin Rəsulzadənin təhqir olunması dediklərimizə sübutdur.Özlərini “müsəlman” adlandıran şovinistlər artıq bütün prinsipləri tapdalayaraq Azərbaycanın görkəmli şəxsiyyətlərini, o cümlədən Məmməd Əmin Rəsulzadəni də təhqir etməyə başlayıblar.



Xatırladaq ki, “Şimali İran”ın baş redaktoru Nasir Əlizadə M.Ə.Rəsulzadədən bəhs edərkən onu “boşboğaz siyasətçi” adlandırıb. Jurnalistin hədyanları bununla bitməyib. Bundan başqa o, Şimali Azərbaycanı “Şimali İran” kimi göstərib və tarixi gerçəklikləri görməzliyə vuraraq iddia edib ki, guya bu ərazilər “İranın bir parçasıdır”. Bundan əvvəl də Azərbaycana yönəlik belə iddialar sözügedən qəzetdə və digər nəşrlərdə əksini tapsa da, rəsmi Bakının sükutu ermənilərin yaxın dostlarını daha da həvəsləndirib. Ölkədəki “Cameyi-cəm” qəzeti isə növbəti dəfə türklərin ünvanına ağır təhqiramiz ifadə işlədib. Görünür ki, güneydə milli azadlıq hərəkatının vüsət alması, M.Ə.Rəsulzadənin qurucusu olduğu Müsavat Partiyasının güneydəki proseslərə açıq dəstək verməsi və molla rejimini pisləməsi fars şovinistlərini hövsələdən çıxarıb ki, onlar bütün etik prinsipləri ayaq altına ataraq təhqirə keçiblər. Ancaq təbii ki, bunun cavabı verilməlidir.
Müsavat Partiyasının Divan üzvü, millət vəkili Nəsib Nəsibli bildirdi ki, İran mətbuatında Azərbaycan tarixinin təhrif olunması, görkəmli şəxslərinin təhqirə məruz qalması ilk dəfə rast gəlinən hal deyil: “Rəsulzadənin təhqir edilməsi də həmin zəncirin bir halqasıdır. Eyni zamanda bu, İran hökumətinin Azərbaycana münasibətinin göstəricisidir. İran, xüsusilə də son hadisələrdə tutduğu mövqeyə görə Azərbaycan hökumətindən çox narazıdır. Xüsusilə də Amerikanın təzyiqi artdıqca Tehran onun müttəfiqlərinə qarşı münasibətlərini sərtləşdirir”. Nəsib bəy dedi ki, Rəsulzadəni təhqir edənlər Məşrutə inqilabının aparıcı simalarından biri, İranda uzun müddət senatın sədri olan Seyid Həsən Tağızadəni oxusalar, nə qədər böyük səhv etdiklərini anlayarlar: “Tağızadə deyirdi ki, Rəsulzadə bölgə ölkələrinin tarixə hədiyyə etdiyi nadir şəxsiyyətlərdən biridir”. N.Nəsibli qeyd etdi ki, rəsmi Bakının İrana sərt təpki göstərəcəyinə inanmır: “Bu hökumət milli hökumət olmadığından inanmıram ki, hansısa sərt reaksiya verilsin”.
İran mətbuatındakı təhqiramiz materiallarla əlaqədar dünən Müsavat Partiyasının bəyanatı yayılıb. Bəyanatda İran mətbuatının azad olmaması xüsusilə vurğulanır və bildirilir ki, bu fakt Azərbaycana və onun tarixi şəxsiyyətlərinə ünvanlı təhqirlərin birbaşa, yaxud dolayısı ilə dövlətin mövqeyini əks etdirdiyini sübut edir. M.Ə.Rəsulzadə haqqında təhqiramiz fikirlərin səslənməsinə gəldikdə isə, bəyan olunur ki, tarixi şəxsiyyətləri təhqir etmək onların böyüklüyünü, nəhəngliyini sinirə bilməməkdən irəli gəlir: “İran mətbuatında yazılanlar göstərir ki, onlar M.Ə.Rəsulzadə kimi çox böyük tarixi şəxsiyyəti dəyərləndirmək səviyyəsində deyillər. Rəsulzadə təkcə Azərbaycan üçün deyil, bütün Yaxın Şərq üçün böyük iş görmüş, fədakarlıq göstərmiş çox böyük bir şəxsiyyətdir. M.Ə.Rəsulzadənin siyasi-publisistik yaradıcılığında İran və onun gələcəyi ilə bağlı da çox dəyərli fikirlər var. Yaxşı olardı ki, İran KİV-i M.Ə.Rəsulzadəni təhqir etmək əvəzinə, onun zəngin irsindən bəhrələnəydi”. Müsavat Partiyası İranın Azərbaycana qarşı irəli sürdüyü təhdid və böhtanları qətiyyətlə pisləyib və bunu ölkəmizin milli təhlükəsizliyinə təhlükə kimi qiymətləndirib: “Biz İran hakimiyyət orqanlarını beynəlxalq hüquq normalarına, başqa ölkələrin suverenliyinə hörmətlə yanaşmağa çağırırıq”. Müsavat həmçinin Azərbaycan hakimiyyətini, ölkənin siyasi qüvvələrini, ziyalılarını suverenliyimizə, milli təhlükəsizliyimizə təhlükə yaradan bu hallara qarşı vaxtında, effektli müqavimət göstərməyə, şimallı-cənublu bütün Azərbaycan xalqını bu cür təxribatlara uymamağa çağırıb.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məcid Feyzullahi bildirdi ki, “Şimali İran” yenicə yaranıb və qeyri-dövlət qəzetidir: “Mən onların nə yazdığını bilmirəm. Bu qəzet geniş səviyyədə yayılmır. Onu Ərdəbil və Təbriz jurnalistləri buraxır, ostandar səviyyəsində yayılır. Bu, İran dövlətinin mövqeyi deyil. Şəxsi fikirləridir və bunu şişirtmək lazım deyil”.
Yada salmaq istəyirik ki, Dünya Azərbaycanlılarının qurultayında DAK sədri Cavad Derəxtinin etdiyi çıxış da dövlət mənafeyini əks etdirmirdi. O zaman İranın Azərbaycandakı səfiri Əfşar Süleymani XİN-ə şəxsən nota təqdim etdi. Hansı ki, Derəxti kimsəni təhqir etməmiş, əksinə, 35 milyonluq soydaşlarımızın hüquqlarını əlindən almış İran hakimiyyətini tənqid etmişdi. Buna görə də analoji münasibətin Azərbaycan hakimiyyəti, ölkənin İrandakı səfiri Abbasəli Həsənov tərəfindən göstərilməsi zəruridir.
Azərbaycan XİN-in İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə isə yazılanlarla bağlı araşdırma aparıldığını dedi. Bildirdi ki, artıq Azərbaycanın İrandakı səfirliyinə bununla bağlı tapşırıq verilib və səfirliyin cavabı bu gün gəlməlidir. T.Tağızadə son ay ərzində artıq ikinci dəfə bu kimi məlumatlar yayıldığını qeyd etdi. Bildirdi ki, XİN İrandan Qarabağa səfər edən biznesmenlərlə əlaqədar da səfirliyin araşdırma aparmasına göstəriş verib. Eyni zamanda nazirlik əməkdaşı M.Ə.Rəsulzadənin təhqir olunması ilə əlaqədar da araşdırma aparacaqlarına vəd verdi.
Biz də XİN-in mövqeyini gözləyirik. T.Tağızadənin özü demişkən, bu məsələ ümummilli əhəmiyyət daşıdığı üçün üstündən keçək olmaz. Bu gün Rəsulzadəni təhqir edən, sabah təbii ki, digər şəxsiyyətləri də hədəfə götürəcək.
Elşad PAŞASOY
-------------------
qaynaq - musavat.com

Hiç yorum yok:

Yorum Gönder