2010-12-06

Ankara - Rəsulzadə - Bakı

Taleh ŞahsuvarlıBu səfər əslində bir neçə il öncə gerçəkləşəsiydi. O zaman Türkiyədəki Liberal Düşüncə Topluluğunun koordinatoru xanım Özləm Çağların dəvətini qəbul edərək Ankarada düzənlənəcək konfransda iştirak etməyimi Bərdə rayon hərbi komissarı Xəlilovun göndərdiyi çağırış vərəqi əngəllədi. Üstündən illər keçəndən sonra elektron poçtumda Özləm Çağların beynəlxalq seminarda iştirak etmək üçün daha bir dəvət məktubunu gördüm.     Ankara, Qazi Mustafa Kamal bulvarı. Son dərəcə səliqəli, gözəgəlimli beş və doqquz mərtəbəli binalardan ibarət bu xiyabandakı apartmanlardan birinin girişində iki kiçik lövhə asılıb. Lövhələrin birində Türkiyə Liberal Düşəncə Topluluğunun, digərində isə «Liberte» Yayın Evinin bu apartmanın 5-ci qatında yerləşdiyi bildirilir. Hər iki qurum Türkiyənin ictimai fikrində böyük rol oynamaqdadır. Avropanın və ABŞ-ın liberalizm klassiklərinin, çağdaş fikir adamlarının çoxunu türk oxucusuna təqdim edən məhz «Liberte» Yayın Evidir.



   Bir sivil toplum quruluşu və düşüncə emalatxanası olaraq liberal fəlsəfəni türk toplumuna aşılamağı isə LDT qarşısına məqsəd qoyub. Bu yaxınlarda 15 illik yubileyini qeyd etməyə hazırlaşan dərnəyin uğur hekayəsini dinlədikcə gözlərimin önünə Azərbaycanın hazırkı qeyri-hökumət təşkilatlarının durumu gəlir. Libaral Düşüncə Dərnəyi iki nəfərin təşəbbüsü ilə qurulub. Türkiyənin konstitusiya hüququ üzrə öndə gedən uzmanlarından biri olan Mustafa Ərdoğan və iqtisadi-siyasi nəzəriyyələr üzrə tanınmış alim Atilla Yayla LDT-ni qurarkən ilk toplantılarını qəhvəxanalarda keçirirmişlər. Daha sonra hansısa tanış vəkilin ofisində bir otağa sığınıblar. Budur, indi LDT çox ciddi bir düşüncə mərkəzidir, açıq cəmiyyət, azad bazar iqtisadiyyatı, islam və demokratiya, Avropa Birliyinə inteqrasiya mövzularında yüzlərlə layihə həyata keçirib, Ankaradan Çoruma qədər Türkiyənin çeşidli universitetlərində çalışan xeyli gənc uzmanı öz sıralarına qatıb.
***
Seminar çox maraqlı keçdi. ABŞ-da fəaliyyət göstərən «Atlas» Araşdırmalar və Resurs Mərkəzinin dəstəyi ilə LDT-nin islam ölkələrinin düşüncə mərkəzlərinin liderləri üçün hazırladığı proqrama qatılmaq üçün 2007-ci ilin 14-18 fevralında İran, İraq, Oman, Bəhreyn, Misir, Mərakeş kimi ölkələrdən nümayəndələr gəlmişdi. Professor Mustafa Ərdoğan «Konstitusional hakimiyyət və hüququn rolu», professor Ömər Çaha «Azad toplum, azadlıq və müxtəliflik», professor Atilla Yayla «Azadlıq, hüquqi və siyasi sistemlər» mövzusunda çox fundamental mühazirələr oxudular. Bu qəbildən olan maraqlı mühazirələrə professor Mustafa Acarın «İqtisadi azadlıqlar və azad ticarət» mövzusundakı çıxışını da əlavə etmək olar.
Seminar zamanı səslənən fkirlər arasında ABŞ-da təhsil almış gənc akademik Bican Şahinin uluslararası advokasiya ilə bağlı çəkdiyi bir sxem müsəlman dövlətlərindən gəlmiş iştirakçıların hər biri üçün maraqlı oldu. «Bumeranq effekti» adlanan bu sxemə görə, dövlət və toplum münasibətlərində dövlət qeyri-hökumət təşkilatlarını dinləməyəndə nəticədə ikincilər beynəlxalq təşkilatlara üz tutur, beynəlxalq təşkilatlar isə öz nüfuzlarından və ABŞ kimi super dövlətlərə təsir imkanlarından yararlanaraq həmin ölkələrin mövqeyini dəyişməyə çalışır. Bu zaman o dövlətlər qeyri-hökumət təşkilatlarını «ölkənin imicini korlamaq»da suçlayırlar, əslində isə yaranan situasiyanın məsuliyyəti onların özlərinin üzərinə düşür. Tanış mənzərədir, deyilmi?
***
Ankaranın kənarı. Küçələrə bölünmüş sonsuz ölülər şəhəri. Əsri qəbirstanlıq. Məmməd Əmin Rəsulzadənin qəbrini tapa bilməməkdən rahatsızlığını dilə gətirir Səlcuq Durqut - LTD-nin gənc könüllüsü. «Baxın, bu olacaq» deyirəm və başının üzərində Azərbaycanımızın üç rəngli bayrağı yellənən məzara sarı yönəlirik. Bu yaşıl, kiçik dəmir sərdabəyə alınmış qərib qəbrin sahibi Məmməd Əmin Rəsulzadədir. Kövrəlirəm. Novxanıda doğulub Ankarada dəfn edilən Rəsulzadədin dəbdədəsiz, protokolsuz, zorla Quran oxudulmayan məzarı üstündə azərbaycanlı tələbələrin qoyduğu sadə qərənfil buketi xalqın bağrından qopan sevginin ifadəsi kimi gözlərimi yaşardır.
***
Bakı. Heydər Əliyev adına beynəlxalq hava limanı. Taksi sürücüləri qarğa sürüsü kimi təyyarədən düşən sərnişinlərin üstünə cumur. Qiyməti düşürə-düşürə hərəsi bir-iki müştəri cəlb edir. Bir tünd mavi «06»nın sürücüsü də mənə tuş olur. 4 manata razılaşırıq. Deyir, bir nəfər gözləyirəm, iki-üç dəqiqəyə gəlir. Aradan yarım saat keçib, amma həndəvərdə sürücü görünmür. Bir saat sonra özüylə bir müştəri də gətirib, yenidən hava limanına doğru gedir. «Qardaş, Allah xatirinə bütün reysləri gözləməyə halım yoxdu. Sərf eləmirsə, mən başqa maşınla gedim» - deyirəm. Balalarının canına and içib, aman edir. Üç dəqiqə... daha üç dəqiqə... Özüdür ki, var! Bir saatdan sonra yükünü daşımağa «Kamaz» gərəkən dörd nəfərlik bir ailə ilə gəlir sürücü qardaş: «Düş, səni aparası olmadım». Və bu yerdə insan haqları, azad bazar, tolerantlıq kimi bütün anlayışlar adamın başından sadəcə ərşə çəkilib, yerini acı qəzəbə buraxır.
***
Yox, əzizim, əsəbləşmə, bu ölkədəki münasibətlər sistemini hər alanda dəyişmək lazım. Məmməd Əmin Rəsulzadəninin qurduğu Azərbaycan Cümhuriyyətində mehriban və mutlu vətəndaş toplumu yaratmağın yolu yenə də liberalizmdən keçir: adamı adam yerinə qoyan fəlsəfədən.
---------------------
qaynaq - mediaforum.az  2007-02-22 - 19:53:00

Hiç yorum yok:

Yorum Gönder