2010-12-07

TARİXİN SON GÜLÜŞÜ HAQDA...

“1380-ci ildə Kulikovo döyüşü olmayıb”. KİV-lərin informasiyanı “bəzəmək” adətinə çoxdan alışmış olsam da, “Vokruq Sveta” saytında yerləşdirilmiş bu xəbər başlığı diqqətimə və hətta heyrətimə səbəb oldu. Nə də olsa söhbət hər kəsə məlum tarixi hadisədən - Qızıl Orda xanı Mamayla böyük knyaz Dmitri Donskoy arasındakı məşhur savaşdan gedirdi. Rusların fəxr və öyünc yerlərindən biri olan bu savaşı ən kiçik detallarına qədər bir vaxtlar bizə də əzbərlədərdilər, xatırlayırsızmı?

Nəysə. Bu boyda əllaməlik olmaz, yəqin bir şeylər var deyib xəbərin yazısını tapdım və... inanmayacaqsız - oxuyub xeyli güldüm.




Yox, məqalə sanballı məqaləydi. Başlığa çıxarılmış xəbər də kifayət qədər, hətta deyərdim ki, son dərəcə ciddi araşdırmalar, təhlillər əsasında yaranmış qənaətin məhsuluydu. Gülməli olanı bu araşdırmalar nəticəsində üzə çıxmış barmaq iziydi -  Dmitri Donskoyun dövründə Rusiyanın mitropoliti olmuş Kiprianın tarixə “lazımi” düzəlişlər eləmiş barmağının izi. 

Məqalədə bununla bağlı bir xeyli sübut-dəlil var, sizə qısa məğzini deyəcəm. Sən demə, Kulikovo döyüşü əslində 1379-cu ilin payızında olubmuş, Kipriansa vəzifəyə 1380-ci ilin yazında qoyulubmuş. Və özünün və pravoslavlığın Rusiya tarixindəki rolunu şişirtmək məqsədi güdən, daha dəqiq ifadə eləmiş olsaq, o döyüşdə ruslara qələbə qazandıran səbəblər sırasına D.Donskoya verdiyi məsləhət və öyüdləri də dürtüştürmək istəyən həmin bu mitropolit öz əsabələrinə göstəriş verib Kulikovo haqqındakı salnamədə döyüş ilini dəyişdiribmiş. 
Məni güldürən də elə bu oldu - üstünə yüz illərin tozu-pası yığılmış olsa belə, bir gün nəhayət ki, bəlli olmuş siyasi fırıldaqçılıq nümunəsi, tarixi öz iradəsinə tabe edəcəyinə inanmış bir sadəlövhün həqiqəti saxtalaşdırmaq cəhdi.  
O məqaləni bizim hakimiyyət nümayəndələrinin də tapıb oxumasını istərdim, çünki tarixə kobud yamaqlar YAPmaq cəhdində onlar da bulunurlar - davamlı şəkildə; bir yox, bir neçə hadisəni “heydərizm” interpretasiyasında rəsmiləşdirməyə çalışaraq. 
Burda Azərbaycan dövlətçiliyinin gerçək banisi Məmməd Əmin Rəsulzadəni unutdurmaq, onu tarixdən silmək, buraxın heykəli, bircə büstü belə ona çox görmək taktikası da var; 80-ci illərin sonunda başlamış və SSRİ-nin dağılmasını sürətləndirən  önəmli faktorlardan biri olmuş Azərbaycan xalq hərəkatını heç olmamış kimi görməzdən gəlmək, bu hərəkatda iştirak eləmiş insanların ölkə və xalq qarşısında xidmətlərini danmaq, onları alçaltmaq və məhv eləmək cəhdləri də; 16 il bundan öncə SSRİ-dən ayrılma iradəsi və cəsarəti nümayiş etdirmiş xalqı müstəqillik bayramından məhrum eləmək və bu bayramı yaddaşlardan və təqvimlərdən silmək siyasəti də. 
Hakimiyyətdə qalmağı, ölkəni talamağı, xalqı susdurmağı çox yaxşı bacarmalarına rəğmən, çox sadəlövh adamlardı bu YAP-çılar. Poza-poza tarix düzəltməyin mümkün olduğuna inanırlar. Sanki bunların görmək və tanımaq istəmədiyi hər kəsi tarix də öz səhifələrindən pozub atacaq və ortada bircə Heydər Əliyev bütü qalacaq. Guya bunların deməyi-yazmağı-yazdırmağıyla tarix 20-ci əsrdə olub-bitən hər şeyi - 1918-dəki Azərbaycan Xalq Cümhuriyyətini də, 1989-dakı xalq hərəkatını da, 1992-dəki Azərbaycan Respublikasını da Heydər Əliyevin “ayağına keçirəcək”. Sonra da lütf və iltifat göstərib İlham Əliyevi özünə favorit yapacaq. Onu da 21-ci əsr Azərbaycanının qəhrəmanı elan eləyib yenə yerdə qalanları adamdan saymayacaq.    
Bütpərəstliyi və saxtakarlığı dövlət siyasətinə çevirib özlərini də, ölkəni də biabır eləyirlər deyə əvvəllər qəzəblənərdim YAP-çı qardaşlarımızın sadəlövhlüyünə. İndi heç təəssüflənmirəm də. Can onların, hökm tarixin - istədikləri qədər vuruşsunlar bir-biriləriylə. 
Son gülən tarix olacaq hər halda.

P.S. Sizə müstəqil talançılıq imkanı yaratmış müstəqillik bayramınız mübarək olsun, əziz YAP-çılar!
---------------------

qaynaq - gun.az

Hiç yorum yok:

Yorum Gönder