2010-12-03

Məhəmməd Əmin Rəsulzadənin Polşada mühacir həyatını əks etdirən kitabı çıxıb

Bu gün Bakı Slavyan Universitetində tarixçi Nəsiman Yaqublunun “Azərbaycan-Polşa əlaqələrində Məhəmməd Əmin Rəsulzadənin rolu” adlı kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitabda Azərbaycan Demokratik Respublikasının mövcud olduğu 1918-1920 illərdə iki ölkə arasındakı münasibətlər və keçən əsrin 20-30-cu illərində Polşada yaşayan Azərbaycan emiqrantlarının fəaliyyəti əksini tapıb. 


Tədbirdə çıxış edən Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski Polşa-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq ümid etdiyini bildirib ki, bu kitab qarşılıqlı əlaqələri tərənnüm edən silsilə kitablardan birincisi olacaq. Səfir çıxışını M. Ə. Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə istiqlal” sözləri ilə bitirib. Müəllif N. Yaqublu isə kitabda Azərbaycan-Polşa əlaqələrinin qaranlıq qalmış məqamlarının yer aldığını söyləyib: “Avropada bizə ən yaxın olan xalq polyak xalqıdır”. M. Ə. Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bildirib ki, tariximizin şanlı səhifələrini unutmağa haqqımız yoxdur.
O, Rəsulzadə ailəsi adından babasının irsinin öyrənilməsində rolu olanlara təşəkkür edib. Tədbirdə çıxış edən politoloq Vəfa Quluzadə deyib ki, Azərbaycan xalqının qaymağı mühacirətdə olub və onlardan ən görkəmlisi M. Ə. Rəsulzadədir: “Onun irsini öyrənmək, bu kitabı ərsəyə gətirmək tək Azərbaycana yox, bütün Şərqə göstərilən bir xidmətdir”.
Qeyd edək ki, kitab Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Polşa XİN-in həyata keçirdiyi layihə çərçivəsində nəşr olunub.
------------------------
qaynaq - paralel.az

Hiç yorum yok:

Yorum Gönder