2010-12-07

Polşa ordusundakı azərbaycanlı zabitlər

Ötən il Polşa Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkədə səfərdə oldum. Oradakı arxivlərdə çalışarkən Azərbaycanla bağlı çoxlu sənədlər tapdım. Polşanın hərbi arxivində isə azərbaycanlı zabitlərlə bağlı bu günə qədər tədqiq edilməmiş materiallar aşkarladım. Polşa Respublikası Silahlı Qüvvələrinin Baş komandanı marşal Pilsudskinin xüsusi nəzarətində olan bu zabitlərin şəxsiyyətini və hərbi fəaliyyətini ilk dəfə olaraq oxuculara təqdim edirəm. İnanıram ki, bu məlumatlar oxucuların marağına səbəb olacaq.


Marşal Pilsudski Qafqazdan olan hərbçilərlə əlaqələri möhkəmləndirməyə xüsusi diqqət yetirirdi. Bundan ötrü o, bolşevik işğalına məruz qalmış Qafqazın hərbçilərini müqavilə əsasında Polşa ordusuna qəbul edirdi. General Zaxaradze ilə müzakirədən sonra 10-na qədər gürcü zabiti müqavilə əsasında Varşavaya oxumağa göndərildi. 1922-ci ildə Polşa Hərbi Qüvvələrində olan müqaviləli zabitlərin sayı 42 nəfər idi. 1923-1924-cü illərdən başlayaraq azərbaycanlı zabitlər də müqavilə əsasında Polşa ordusunda xidmətə başladılar. İlk olaraq 5 azərbaycanlı zabit Polşa ordusuna qəbul edildi.


Ermənilər isə polyakların təklifini qəbul etməyib, siyasi əlaqələr qurmaqdan da çəkindilər. Çünki ermənilər əsasən Türkiyəni düşmən olaraq düşünürdülər və onlara rus ruhu hakim kəsilmişdi. Polşa tədqiqatçısı Pyotr Staveçskinin də araşdırmalarında Polşa ordusundakı qafqazlı, o cümlədən, azərbaycanlı zabitlər haqqında məlumatlar var. Qeyd edək ki, Qafqazdan olan müqaviləli zabitlərin vəziyyəti ilə Pilsudski birbaşa özü məşğul olur, onları ciddi diqqətdə saxlayırdı. M.Ə.Rəsulzadənin Pilsudski ilə məktublaşmasında da bu problemə ciddi toxunulurdu. M.Ə.Rəsulzadə 1923-cü ilin martın 31-də İstanbuldan Varşavaya fransız dilində göndərdiyi məktubda yazırdı: “Zati-aliləri Pilsudski, Polşa Ali Baş Komandanı, cənab Marşal! 1920-ci ilin aprel ayında sovet ordusu tərəfindən Azərbaycanın işğal edilməsindən və milli hökumətin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Azərbaycan ordusunun intizamlı zabitlərinin böyük bir hissəsi qırmızı qəsbkarların vəhşi intiqamından xilas olmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalmış və həmsərhəd ölkələrə köçürülmüşlər. Bunlardan 10 nəfər zabit, hansı ki, milli orduda mühüm vəzifələr tutmuşdular və düşmən qızıl ordunun silahlı qarşıdurmasına qarşı olmuş, daha sonra isə qızıl ordunun dözülməz özününküləşdirmə boyunduruğuna qarşı bir sıra kütləvi üsyanlarda çıxış etmişdilər. Həmin şəxslər hazırda Konstontinopolda mühacir kimi yaşayırlar. Krım Tatar Parlamentinin təmsilçisi və prezidenti cənab Cəfər Seyidəhməd öyrənmişdir ki, Siz onun başçılığı ilə nümayəndə heyətinin Varşavada sonuncu səfərində azərbaycanlı zabitlərin cəsur Polşa ordusu sıralarında xidmət etmək təklifini, onların hərbi biliklərini genişləndirmək arzusunu çox səmimiyyətlə qəbul etmisiniz. Onların təmənnasız qəbuluna Sizin razılığınız mənə bu lütfkar vəziyyətdən istifadə etmək və Sizin şəxsinizdə zati-alilərindən bu mövzuda lazımi müsbət qərarların əldə olunması xahişini etmək icazəsini verir. Mən əminəm ki, nəcib Polşa xalqı tərəfindən göstərilən xidmət bizim tarixin bu çətin dövründə qəbul ediləcək və Türkiyə tərəfindən Azərbaycanın qiymətləndirilməsi, çox illərdən bəri bizim iki millətimiz arasında mövcud olan parlaq dostluq əlaqələrinin sübutuna xidmət edəcəkdir. Sizə dərin təşəkkürümü bildirərək, Sizə bəslədiyim yüksək ehtiramımı Zati-alilərindən qəbul etməyinizi xahiş edirəm. M. Ə. Rəsulzadə, Azərbaycan Milli Mərkəzinin sədri. Konstontinopol, 31 mart 1923 Əlavə: zabitlərin siyahısı” . 



       M.Ə.Rəsulzadənin məktubuna cavab olaraq marşal Pilsudski yazırdı: “Zati-aliləri cənab M.Ə.Rəsulzadəyə, Azərbaycan Milli Mərkəzinin prezidentinə, Konstontinopola Cənab Sədr! Mən Sizin 31 mart 1923-cü il tarixli Azərbaycan ordusunun öz istək-lərini nümayiş etdirən zabitlərinə aid olan məktubunuzu təsdiq edirəm. Mənim ən böyük arzum Azərbay-can ordusunun igid zabitlərini qoruya bilmək və eyni zamanda onları bizim orduya qəbul etməkdir. Hazırda hərbi məktəblərimizdə kifayət sayda yer olmadığından bu sualın qəti həllinə 1923-cü ilin payızına qədər cavab vermə-mək məcburiyyətindəyəm. Cənab Sədr! Sizə olan dərin ehtiramımı qəbul etmənizi rica edirəm. Polşa Ordusunun Ali Baş Komandanı Marşal Pilsudski”. Polşa ordusunda xidmətə qəbul edilən ilk azər-baycanlı zabitlər bunlardir: Polkovnik İsrafil bəy Məhəmməd (Yadigar) – 29-cu süvari diviziyası, Qrodno şəhəri; Polkovnik Kazım bəy Cahangir – 26-cı süvari diviziyası, Skeyneviç şəhəri; Mayor Yadigar bəy İsrafil – 7-ci süvari atlı dəstəsi, Minsk, Marovşa; Poruçik Məmmədzdə Həmid bəy – 6-cı süvari legion dəstəsi, Vilno şəhəri; Səfər oğlu Kazım bəy – 4-cü avtomobil-tank briqadası, Brest şəhəri. Qeyd edək ki, Azərbaycan-dan olan (eləcə də Qafqazdan və digər bölgələrdən) zabitlərlə rəsmi müqavilələr imzalanırdı. Həmin müqavilədən sonra zabitlərin orduda rəsmi xidmətinə icazə verilirdi. İsrafil bəy Yadigar 1924-cü ildə Polşa ordusuna qəbulu zamanı yazdığı tərcümeyi-halda özünün Gürcüstanın Tiflis şəhərində 1888-ci ilin avqustun 7-də doğulduğunu göstərir. 1898-ci ildə, 10 yaşında olarkən o, Tiflisdəki Kadetlər korpusuna oxumağa göndərilir. 1910-cu ilin avqus-tunda I kateqoriyalı korpusu tamamlaya-raq, II çar Nikolayın Nijeqoroddakı 17 saylı polkunda pod-poruçik rütbəsini alır. 1911-ci ildə çarın icazəsi ilə Ədilə xanım Atabəyova – Koblanska-ya ilə evlənir. 1912-ci ildə oğlu Ənvər dünyaya gəlir. 1913-cü ildə poruçik rütbəsini alır. I Dünya müharibəsində tabeliyin-də olan polkla Varşava yaxın-lığında olur. Arada qospitalda müalicə aldıqdan sonra 2-ci eskadrona başçılıq edir. 1915-ci ilin yanvarında Qafqaz-Türk cəbhəsinə göndərilir. 1915-ci ildə ona qərargah-rotmistr rütbəsi verilir. Bir müddət sonra Odessa ətrafına köçürülür və Bolqarıstana desant üçün hazırlığa başlayır. Lakin sonradan fars körfəzinə – ingilislərə köməyə göndərilir. 1916-cı ilin noyabrında rotmistr rütbəsini alaraq Qafqaz-tatar süvari diviziyasına köçürülür və rumın cəbhəsinə göndərilir. 1917-ci ilin yanvarında podpolkov-nik rütbəsi alaraq Qafqaza diviziya rəisi təyin olunur və 2-ci tatar polkunun ehtiyat briqadasını təşkil etmək tapşırığını alır. 1917-ci ilin sonunadək orduda qalır və sonra tərxis olunub öz malikanəsinə qayıdır. 1918-ci ilin dekabrında gürcülərin ordusunda cəbhədə Ermənistana qarşı döyüşür. 1919-cu ildə ordudan uzaqlaşır və öz kəndində yaşayır. 1921-ci ildə fevralda Sovet Rusiyası ilə müharibə başlanarkən orduya cəlb edilir və tatar partizanları dəstəsinə başçılıq edir. Həmin ilin martında döyüşlərdə məğlub olurlar və Konstontinopola köçürülürlər. Burada ağır maddi durumda qalır. Məcbur olub fransız-ingilis işğal ordusunda dəmirçilik edir. 1922-ci ilin noyabrında Polşaya gedənə qədər həmin işdə çalışır. 1922-ci ilin sentyabrında isə o, 4 il əvvəl həyat yoldaşından ayrıldığından Züleyxa xanımla evlənir. Polşaya gələrkən onu zabitlər məktəbinə – gürcü zabitləri üçün təşkil edilmiş mərkəzə göndərirlər. Məktəbi bitirdikdən sonra Qrudjonda təhsilini davam etdirməyə göndərilir və 1924-cü ilin oktyabrın 10-da tamamlayır. Arxiv sənədlərində İsrafil bəy haqqında məlumatlar çoxdur. Polşanın Qrodno şəhərində 29-cu piyada diviziyasında xidmət edən İsrafil bəy Azərbaycanın bolşevik işğalından sonra Türkiyəyə sığınıb, buradan isə Polşaya keçərək, orduda xidmətə başlayıb. İkinci Dünya müharibəsi illərində Azərbaycan legionerlərinin apardıq-ları döyüşlərdə iştirak edən İsrafil bəy 1943-cü ildə Berlində keçirilən Milli Azərbaycan Qurultayına qatılıb və təsirli bir nitq söyləyib. İkinci Dünya müharibəsi qurtardıqdan sonra Amerika-İngilis qoşunları legio-nerləri sovet ordusuna təhvil verməyə başlayıblar. Bu zaman tanınmış azərbaycanlı zabit albay İsrafil bəy əsl hünər və əsgərlərinə sədaqət nümunəsi göstərib. Belə ki, müttəfiq orduların rəhbərliyi İsrafil bəyin yox, onun əsgərlərinin sovet-lərə təhvil veriləcəyini bildirdik-də cəsur zabit deyib: “Mən yaşadığım müddətdə heç bir qüvvət mənim başçılığım altında olanları barbar bir rejimə təslim edə bilməz. Ya hamımız bərabər hürriyyətə qovuşuruq, yaxud da bərabər ölürük! Mənim birliyim əsir vətənimizin hürriyyəti uğrunda çarpışmış və gözlərimin önündə on minlərlə qurban vermiş olan azərbaycanlılardan təşkil olunub. Mən bir komandan olaraq onları yalqız başına kommunizmin qanlı xəncərinə necə təslim edə bilərəm? Mən heç bir zaman övladlarımı yalqız buraxmaram. Onlarla bərabər ölmək mənim üçün ən böyük bir şərəfdir”. İngiltərə-Amerika qoşun-ları polkovnik İsrafil bəyi sovetlərə təslim ediblər. Sovetlər İsrafil bəyi “vətən xaini” adı ilə güllələyiblər. İsrafil bəyin digər bir qardaşı isə Amerikaya gedərək, Nyu-York yaxınlığındakı Nevada şəhərində yaşayıb.. Digər azərbaycanlı zabit Vəlibəy Yadigar isə 1932-ci ildə Polşa Silahlı Qüvvələrinin Ali Hərbi Akademiyasını bitirib. İkinci Dünya mühari-bəsi illərində Xalq Ordusu-nun (Armiya Krayova) tərkibində süvari briqadanın qərargah rəisi və Lyubesk süvari alayının komandiri kimi hərbi əməliyyatlarda iştirak edib. Polşada Tatar süvari alaylarının tarixindən bəhs edən kitabçanın (Varşava, 1925) və 1956-cı ildə Londonda çap olunmuş “Xalq ordusu tərkibindəki süvarilər” tədqiqatının müəllifidir. O, İkinci Dünya müharibəsindən sonra Argentinaya mühacirət edib, buradakı Xalq Ordusu döyüşçüləri mühacirət hərəkatının başçı-sı olub. Argentinada vəfat edən Vəlibəy Yadigarın nəşi 1991-ci ildə qohumları və dostları tərəfindən Polşaya gətirilərək Varşavadakı Tatar qəbiristanlığında dəfn edilib.

------------------------------------------
qaynaq - qarapapaqlar jurnali

Hiç yorum yok:

Yorum Gönder