2010-12-03



Qəzetimizin ötən saylarında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin heykəlinin qoyulacağı bağın hasara alınması barədə məlumat vermişdik. Ərazidə olarkən bizə orada M.Ə.Rəsulzadəyə heykəl qoyulduğunu söyləmişdilər. Eyni zamanda bağın hasara alınması barədə redaksiyamıza məlumat verən oxucumuz həmin ərazinin məmurların biri tərəfindən zəbt edildiyini söyləmişdi.


Məlumat qəzetimizə istirahət günü daxil olduğundan, dövlət qurumlarından məsələyə münasibət öyrənmək mümkün olmamışdı.  Dünən məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə zəng vurduq. İcra hakimiyyətinin baş arxitektoru Emil Babaoğlu bağın Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hasara alındığını və ərazidə abadlıq işlərinin görüldüyünü bildirdi. Bağda M.Ə.Rəsulzadəyə heykəl qoyulması məsələsindən xəbərsiz olduğunu söyləyən E.Babaoğlu ərazinin zəbt edildiyinin inandırıcı  olmadığını söylədi. Eyni zamanda  Rəsulzadənin Azərbaycan xalqının böyük oğlu olduğunu, bu səbəbdən bağdan başqa məqsədlərlə istifadənin mümkünsüzlüyünü söylədi.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən də bağda abadlıq işlərinin görüldüyünü bildirdilər. Mətbuat xidmətinin əməkdaşı bizə məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün  BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etməyimizi məsləhət gördü. Təəssüf ki, iş günü olmasına baxmayaraq, idarəyə etdiyimiz telefon zənglərinə cavab verən olmadı. İstər Səbail RİH-dən, istərsə də BŞİH-dən məsələ ilə bağlı dolğun məlumat verilməməsi bağın məmurlardan biri tərəfindən zəbt olunması xəbərinin heç də əsassız olmadığına dəlalət edir. Bundan əlavə, mövcud hakimiyyətin M.Ə.Rəsulzadəyə və Xalq Cümhuriyyətinin qurucularına ögey münasibəti Rəsulzadəyə heykəl qoyulacağı barədə deyilənləri şübhə altına qoyur. 28 May ərəfəsində açılışı olmuş “İstiqlal Bəyannaməsi” abidəsindəki qüsurlar dediklərimizin təsdiqi sayıla bilər. Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlal Bəyannaməsi” abidəsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Az qala ölkənin hər yerində  heykəllər ucaldan hakimiyyət istiqlal mücahidlərinin şərəfinə balaca və qüsurlu bir abidə tikməklə işlərini bitmiş hesab ediblər.
Mövzunu diqqətdə saxlayacağıq.
Əfqan MUXTARLI


------------------------
qaynaq - musavat.com   
12.06.2007

Hiç yorum yok:

Yorum Gönder